30/11/2018 17:22

Cəlilabadda sərhəd pozucuları ilə atışma baş verib, DSX rəisi hadisə yerində olub – FOTO

Noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin  Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin silahlı şəxslər tərəfindən pozulmasına hazırlıq barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin istiqamətdəki sərhəd zastavalarının xidməti gücləndirilib, zəruri qabaqlayıcı tədbirlər görülüb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, saat 19:10 radələrində Cəlilabad rayonunun Edişə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması barədə daxil olmuş məlumat əsasında sərhəd zastavası “Silaha” komandasına qaldırılaraq hadisə yerinə hərəkət etib, nəzarət-iz zolağında İrandan Azərbaycan istiqamətində ayaq izləri aşkar olunub.

Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə əlavə qüvvələr cəlb olunmaqla və xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri həyata keçirilib, sərhədyanı yaşayış məntəqələri istiqamətində yollar sərhəd naryadları tərəfindən qapadılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılıb.

Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd naryadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edib. Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avtomat silahdan atəş açılııb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub. Digər sərhəd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkar olunub. Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib. Sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.

Yaralanmış sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilib və ona təcili tibbi yardım göstərilib. Araşdırma zamanı saxlanılmış şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilib. Ş.Nəsiri 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən sərhəd pozucusu qismində tutulub, narkotik qaçaqmalçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycanda azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilib, 06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İranın müvafiq dövlət orqanlarına təhvil verilib.

Ş.Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı silahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğlunu yaralamış şəxs olması da müəyyən edilib.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub. E. Quliyev çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib, silahlı sərhəd pozucularının aşkar edilərək zərərsizləşdirilməsində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib.