23/06/2017 17:38

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib – FOTO

Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti – 45-ci buraxılışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, tədbirdə liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən polkovnik Elman Namazov və başqaları kursantları məzun günü münasibəti ilə təbrik ediblər.

Kursantlar adından çıxış edən Anar Ağazadə komandanlığın onlara göstərdikləri etimadı doğruldacaqlarına, dövlətə gərəkli vətəndaş, orduya dəyərli zabit olacaqlarına, Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verib.

Təhsildə və nizam-intizamda fərqlənən bir qrup kursanta qiymətli hədiyyələr təqdim olunub. Liseyin yaş kötüyünə 2017-ci il buraxılışının rəmzi xatirə lövhəsini vurub.

Məzunların bayrağı üçüncü kursa təhvil verildikdən sonra kursantlar təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər.

Mərasim son zəngin səsləndirilməsi ilə başa çatıb.