20/07/2018 17:56

Çexiya və İsrail birgə yüngül döyüş təyyarəsi yaradacaq

16-22 iyul tarixlərində Böyük Britaniyada keçirilən “Farnborough Airshow-2018” beynəlxalq aerokosmik sərgisində Çexiya “Aero Vodochody” şirkətinin məşhur L-39 “Albatros” təlim-məşq təyyarəsinin dərin modernləşdirilmə layihəsini təqdim edib.

“AzeriDefece”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, Çexiya İsrailin IAI (Israel Aerospace Industries) şirkəti ilə birgə, yeni tək pilotlu F/A-259 indeksli yüngül döyüş təyyarəsinin yaradılmasına dair qərar qəbul edib. Yeni təyyarənin diyazn işlərində 2000-ci illərdə Çexiya Hərbi Hava Qüvvələri (HHQ) üçün istehsal edilən tək pilotlu L-159A ALCA-nın konsepsiyasından istifadə olunacaq.

F/A-259 təyyarəsi ilk növbədə ABŞ HHQ-nin elan elədiyi yüngül döyüş təyyarələri tenderinə təqdim olunmaq üçün nəzərdə tutulub. Göründüyü qədəriylə F/A-259 təyyarəsi L-159A-nın modernləşdirilmiş formasıdır. L-159A təyyarəsinin  “Honeywell” F124-GA-100 mühərriki F/A-259-da da olduğu kimi saxlanılıb.

Təyyarəyə yeni radioelektron sistem əlavə olunub. Təyyarənin bortunda aktiv fazalı antenli perspektiv radiolokasiya stansiyası (AFAR) ilə birlikdə hədəf işarələmə sistemi qurulub. F/A-259 yüngül döyüş təyyarəsinin 2020-ci ildə seriyalı istehsala hazır olması nəzərdə tutulub. Ehtimal edilir ki, F/A-259 təyyarəsi tender proqramına uyğun olaraq, proqram üzrə tam şəkildə yığılıb hazırlanması ABŞ tərəfindən həyata keçiriləcək.