18/09/2018 16:01

Ceyrançöl layihəsi başa çatıb

Sentyabrın 20-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə NATO/NSPA Sülh Naminə Tərəfdaşlıq Etimad Fondunun “Ceyrançöl ərazisinin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi” birgə layihəsinin bağlanış mərasimi keçiriləcəkdir.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində yerləşən Ceyrançöl ərazisi 1955-1991-ci illər ərzində keçmiş Sovet hərbi ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilib. Layihənin birinci mərhələsi çərçivəsində 28 ay (aprel 2012 – iyul 2014) ərzində 64 kv.km. olan ümumi sahənin 19 kv.km ərazisi tam təmizlənib və 14,654 PHS və 173 tank əleyhinə mina tapılaraq zərərsizləşdirilib.

Ceyrançöl layihəsinin 2-ci Mərhələsinə 2014-cü il 8 iyul tarixindən start verilib və 29 ay müddətində davam edən mərhələ çərçivəsində 25.361.396 kv.m ərazi təmizlənib, 1,553 döyüş məqsədli PHS və minlərlə metal qırıntıları tapılaraq zərərsizləşdirilib.

Ceyralçöl layihəsinin 3-cü mərhələsinə 2017-ci ilin yanvar ayında start verilib və 18 ay müddətində davam edən mərhələ çərçivəsində 22 mln. kv.m-ə yaxın ərazi təmizlənib, 2146 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib. Layihənin ilk iki mərhələsində rəhbər dövlət ABŞ, sonuncu mərhələsində isə Türkiyə olub. Bu layihədə donor ölkə qismində Almaniya, Macarıstan, İslandiya, İtaliya, Norveç, Yaponiya, İsveçrə, Böyük Britaniya, Türkiyə və ABŞ dövlətləri olub. Azərbaycan höküməti bu layihənin ölkə üçün əhəmiyyətini nəzərə alaraq, layihənin ümumi dəyərinin 50% miqdarında maliyyə vəsaiti ayırıb.

Tədbirdə Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və NATO baş katibinin müavini xanım Rose Gottemoeller, NATO/NSPA-nın rəsmi nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklər, səfirliklər, eləcə də Azərbaycan hökumətinin yüksək səviyyəli rəsmi nümayəndələri iştirak edəcək.