19/01/2018 11:51

Çin Belarusa zirehli avtomobillərin yeni partiyasını göndərib

Çin CS/VN3 “Dajiang” yüngül zirehli avtomobillərin ikinci partiyasını Belarusa təhvil verib.

“AzeriDefence” xəbər verir ki, bu haqda Belarusun “VoenTV” telekanalı məlumat yayıb.

CS/VN3 “Dajiang” yüngül zirehli avtomobilinin ikinci partiyası yanvarın 18-də Minskə çatdırılıb. Xatırladaq ki,  CS/VN3 yüngül zirehli avtomobillərin ilk partiyası (yəni, 5 ədəd zirehli avtomobil) 2017-ci ilin iyununda Belarus və Çin Müdafiə Nazirlikləri arasında bağlanmış müqaviləyə uyğun olaraq Belarusa təmənnasız, hərbi-texniki yardım məqsədi ilə verilib. Bundan sonra Belarus Müdafiə Nazirliyi “Qərb – 2017” hərbi təlimləri çərçivəsində Çinin CS/VN3 zirehli avtomobillərinin döyüş qabiliyyətini və imkanlarını test edib. Qeyri-rəsmi məlumatlara görə, Çin “Belarusa bu zirehli avtomobildən 30 ədəd verməyi planlaşdırır.

2013-cü ildə Çinin NORİNCO korporasiyasına daxil olan “Chongqing Tiema Industries Group Co” müəssisəsi tərəfindən hazırlanan zirehli avtomobil hazırda, Çinin hüquq-mühafizə orqanlarının istifadəsində yer alır. Zirehli avtomobilin ilk xarici istifadəçisi isə Belarusdur.