01/02/2018 19:44

Çin CH-4 döyüş PUA-nın silah yükünü artırıb – FOTO

Çinin CH-4 döyüş pilotsuz uçuş aparatının (PUA) təkmilləşdirilmiş yeni versiyası ilk dəfə görüntülənib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, PUA öz sələfindən daşıdığı silah və sursatların daha çox çeşidi və yükqaldırma qabiliyyəti ilə fərqlənir. Bundan başqa, PUA lazer və infraqırmızı (IR) terminal vasitəsi ilə yönləndirilən bombaların tətbiqi ilə əlaqədar yeni elektro-optik komplekslə təchiz edilib.

CH-4 PUA-nın təkmilləşdirilmiş versiyasının silahlanmasına 2 ədəd 50 kq-lıq LGB (lazer yönləndirməli bomba), 2 ədəd 100 kq-lıq LGB, 100 kq-lıq GPS idarəli bomba, 100 kq-lıq GPS idarəli süzən bomba, 50 kq-lıq GPS idarəetməli bomba, 50 kq-lıq kaset bomba və 50 kq-lıq IR/ MMW terminallı sursat daxildir.

CH-4 Çinin “Rainbow” PUA ailəsinin ən böyük sabit qanadı platformasıdır. CH-4 “General Atomics” şirkətinin MQ-9 “Reaper” PUA-na bənzəyir. PUA-nın iki versiyası CH-4A (uçuş məsafəsi 3500-5000 km olan kəşfiyyat) və CH-4B döyüş konfiqurasiyası mövcuddur. CH-4B döyüş PUA-ı hazırda Misir, Səudiyyə Ərəbistanı və İraqın istifadəsində yer alır.