13/10/2015 14:44

Çin Qazaxstana təmənnasız hərbi texnika verəcək

Astanada səfərdə olan Çinin müdafiə naziri Çan Vançyuan qazaxıstanlı həmkarı İmangəli Tasmaqambetovla görüşüb.

“AzeriDefence”nin Qazaxıstan Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumatına görə, görüşdə Çinin Qazaxıstan Ordusuna pulsuz texniki kömək edəcəyinə dair razılaşma sənədi imzalanıb. Texniki yardımın hansı istiqamətlərdə olacağı haqda isə müfəssəl məlumat verilməyib.

Görüşdə İ. Tasmaqambetov bildirib ki, bu gün assimetrik təhlükələrə qarşı mübarizə əməkdaşlıqdan keçir: “Qazaxıstan xüsusi təyinatlı qoşun birləşmələrinin birgə təlimlərdə iştirak etməsini əhəmiyyətli hesab edir. Hesab edirəm ki, yaxın gələcəkdə Qazaxıstanın və Çinin ərazisində antiterror əməliyyatlarının aparılmamsı prosesini təkmilləşdirmək və birgə tədbirlər görülməsi üçün hər iki ölkənin aidiyyatı qoşun birləşmələri arasında təlimlər keçirilməlidir”.

Görüşdə Qazaxıstan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qoşunlarının hərbi quylluqçularının Çində ali hərbi təhsil almaları ilə bağlı məsələ də müzakirə mövzusu olub.

Bundan başqa Qazaxıstanın müdafə naziri çinli həmkarını “KADEX-2016” hərbi-texnoloji sərgiyə də dəvət edib.