03/06/2019 23:25

Çin Qırğızıstan xüsusi təyinatlılarına zirehli maşınlar bağışlayıb

Çin Qırğızıstan Daxili İşlər Nazirliyinə 30 milyon yuan dəyərində zirehli avtomobil, avtobus və digər nəqliyyat vasitələri bağışlayıb.

Bu barədə “AzeriDefence” Qırğızıstan Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verib.

Çinin İctimai Təhlükəsizlik Nazirliyi tərəfindən Qırğızıstan DİN-in “Şumkar” xüsusi təyinatlı dəstəsinə verilən yarımlar arasında 4×4 təkər formuluna malik “Tiger” zirehli maşınları da mövcuddur.

4×4 təkər formuluna malik “Tiger” zirehli personal daşıyıcının heyəti sürücü və komandir daxil olmaqla 2 nəfərdir. Maşın tam təchizatlı 6 hərbi qulluqçunu götürür.

“Shaanxi Baoji Special Vehicles” şirkəti tərəfindən istehsal edilmiş maşın 200 at gücündə “Cummins ISDE200-30” dizel mühərriklə təchiz olunub. Zirehli maşının sürəti 110 km/saat, gediş ehtiyatı 600 kilometrdir.

Qeyd edək ki, hazırda “Tiger” zirehli personal daşıyıcıları Mərkəzi Asiyada Qırğızıstanla yanaşı Tacikistan Sərhəd Qoşunlarının da silahlanmasında mövcuddur.