07/12/2017 16:03

Çin sərhəddini pozan Hindistana məxsus PUA zərərsizləşdirilib

Hindistan Hərbi Hava Qüvvələrlərinə məxsus pilotsuz uçuş aparatı (PUA) Çinin hava məkanına daxil olub.

“AzeriDefence” xəbər verir ki, bu haqda Çinin “Sinxua” dövlət agentliyi məlumat yayıb.

Qərb Hərbi Dairəsinin əməliyyat idarəsinin rəis müavini Çjana Şuyli agentliyə məlumat verərək bildirib ki, Çin sərhədçiləri hind dronlarına qarşı yoxlama əməliyyatı həyata keçiriblər.

Çinin hava məkanını pozan PUA sərhəddə zərərsizləşdirilib. Ç.Şuyli hadisənin harada və nə vaxt baş verdiyini açıqlamayıb.

Qeyd edək ki, Hindistan-Çin arasında sərhəd ərazilərinin bölüşdürülməsi problemi indiyə qədər mübahisəli məsələ kimi davam edir. Kəşmirin şimalındakı dağlıq ərazidə qarşılıqlı ərazi iddiaları mövcuddur. Ümumilikdə isə  60 min kvadrat kilometr ərazi və digər torpaq sahələri üzərində mübahisələr hələ də gedir. 1962-ci ildə Çin Ordusu Himalayda Hindistan üzərində qazandığı qələbədən sonra sərhəd məsələsində bir sıra ziddiyyətli məqamlar ortaya çıxıb.