29/06/2017 17:14

Çinin yeni nəsil döyüş gəmisi suya endirilib

Çin Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Type 055” sinifinə aid yeni nəsil döyüş gəmisi iyunun 28-də rəsmi mərasimlə dənizə endirilib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumata görə, Şanxay şəhərində “Jiangnan” zavodundan suya endirilən “Type 055” Çin HDQ-nin ən böyük döyüş gəmisi hesab olunur.

Çin Hərbi Dəniz Qüvvələrindən verilən rəsmi açıqlamada son texnologiya müdafiə sistemlərinə malik 10 000 tonluq gəmidən cəmi 4 ədəd istehsal edilməsinin planlaşdırdığı bildirilib.

Məlumatda o da qeyd olunub ki, mövcud inşa edilən gəmilər daxil olmaqla Çin donanması 2020-ci ildə 265 ilə 273 arasında gəmi və sualtı gəmiyə sahib olacaq. Bununla da Çin dünyada, hazırda gəmi sayı 275 olan ABŞ donanmasından sonra ikinci yerdə qərarlaşır.