16/03/2012 11:38

Cənubi Qafqaz ordularında yeni zirehli nəqliyyat vasitələri – ARAŞDIRMA

Siyahıya Gürcüstan öncüllük edirSon illər Cənubi Qafqaz dövlətlərinin Silahlı Qüvvələrinin texnika parkında qeyri-postsovet ölkələrinin və yerli istehsal olan nəqliyyat vasitələrinin çəkisi artmaqdadır. “AzeriDefence”nin apardığı araşdırmalar zamanı məlum olub ki, Ermənistan istisna olunmaqla, Gürcüstan və Azərbaycan 2005-ci ildən sonra bu sahədə mühüm addımlar atmağa başlayıb.

Hazırda Qafqaz ölkələrinin ordularında Türkiyə, ABŞ, İsrail və Fransa istehsalı olan hərbi nəqliyyat vasitələri üstünlük təşkil etməkdədir.
Ümumilikdə 2005 – 2010-cu illərdə əsasən xarici ölkələrdən zirehli personal daşıyıcıların satın alınması həyata keçirilsə də həm Azərbaycan, həm də Gürcüstan 2010-cu ildən başlayaraq yerli istehsalı yaratmağa başlayıb. 2011-ci ildə hər iki ölkənin istehsalı olan zirehli personal daşıyıcılar ictimaiyyətə nümayiş etdirilib.
Keçmiş sovet, Rusiya və Ukrayna istehsalı olan BMP və BTR-lərlə paralel olaraq istifadəyə qəbul edilən, Qafqaz üçün yeni olan bu nəqliyyat vasitələri müxtəlif məqsədlər üçün istifadə olunmaqdadır. Xüsusilə də Gürcüstanın inventarında olan ABŞ və Fransa istehsalı olan zirehli personal daşıyıcılar və döyüş maşınları beynəlxalq sülhyaratma missiyalarının həyata keçirildiyi bölgələrdə istifadə edilir.

Gürcüstan

Gürücstan 2005-ci ildən başlayaraq hərbi texnika seçimində qərb-NATO ölkələrinə üz tutmağa başlayıb. Hazırda Gürcüstan Ordusunun inventarındakı zirehli personal daşıyıcıların və döyüş maşınlarının təxminən 65%-ə qədərini Türkiyə, ABŞ, İsrail və Fransa istehsalı tutur.

Açıqlanan rəqəmlərə əsasən Gürcüstanın silahlanmasında əsas yeri Türkiyə istehsalı olan nəqliyyat vasitələri tutur. Belə ki, 2008-ci il Gürcüstan-Rusiya müharibəsindən əvvəl, Gürcüstan Müdafiə Nazirliyi Türkiyənin “Nurol Makina və Sanayi” şirkətindən 90-dan artıq müxtəlif modifikasiyalı 6×6 təkər formuluna malik “Əjdər”, “Otokar” şirkətindən isə böyük sayda “Cobra” tipli döyüş maşınları satın alıb. Satın alınmış “Əjdər”lər əsasən zirehli personal daşıyıcı, səhiyyə-təxliyə, texniki təmir və yedək təyinatlıdır. Rus və Ukrayna istehsalı BTR-lərdən fərqli olaraq həm “Əjdər”, həm də “Cobra”lar minaya qarşı qorumaya malikdir. Əjdərin dizaynı tək mina partlayışına qarşı qorumanı deyil, eyni zamanda partlayışın içəridəki personala təsirini də minimallaşdırır.

“Otokar” şirkətinin istehsalı olan, Gürcüstanda ən azı 300-ə yaxın olduğu söylənilən, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan “Cobra”lar yüksək balistik müdafiə ilə yanaşı heyəti mina partlayışlarından da qoruyur. Gürcüstan Ordusunun inventarında bir neçə fərqli modeli mövcuddur. Ümumilikdə 11 heyəti daşıma imkanına malik 4×4 təkər formuluna malik “Cobra” ilk dəfə olaraq Cənubi Osetiyada keçirilən hərbi əməliyyatlarda istifadə olunub. Gürcü hərbçiləri yerli KİV-lərə müsahibələrində “Cobra”lar barədə müsbət fikrdə olduqlarını söyləyiblər.

Münaqişəli ölkə olmasına baxmayaraq Gürcüstanın hərbi təchizatında ABŞ önəmli yer alır. Birləşmiş Ştatlar tərəfindən 2005-2011-ci illərdə rəsmi Tiflisə “AM General” şirkətinin istehsalı olan 110 ədəd “Humvee” tipli zirehli avtomobil bağışlanıb. Hansı ki bu avtomobillərin hər birinin qiyməti təxminən 140 min ABŞ dolları təşkil edir. Pulemyotla silahlandırılmış gürcü “Humvee”ləri hazırda Gürcüstanın Əfqanıstandakı hərbi kontingenti tərəfindən və ölkə ərazisindəki elitar birliklər, eləcə də hüquq-mühafizə orqanları tərəfindən istifadə olunur.

ABŞ-ın Gürcüstan sülhməramlı qüvvələrinə bağışladığı “Cougar” tipli zierhli döyüş maşınları isə hazırda Əfqanıstanın Hilmənd əyalətindəki kontingentin istismarındadır. “Force Protection” şirkəti tərəfindən istehsal edilmiş bu nəqliyyat vasitələri mina və İED-lərə qarşı yüksək qorumaya malikdir.

Gürcüstan Ordusunun inventarında İsrail istehsalı olan 50 ədəd “Wolf” zirehli transportyoru da mövcuddur ki, bu da 2006-2007-ci illərdə alınıb. Əsasən yüngül PK pulemyotları və qumbara buraxılış qurğusu ilə silahlandırılmış “Wolf”lar “Hatehof” şirkəti tərəfindən istehsal edilir. “Ford F 550” yük maşının şassisi üzərində hazırlanmış bu ZTR-in çəkisi 8 tondur.

Gürcüstan sülhməramlı kontingentinin istismarında həmçinin, açıqlanmayan sayda (qeyri-rəsmi məlumatlara görə 12 ədəd) fransız “Reno” şirkətinin istehsalı olan VAB və VBL transportyorları da mövcuddur.

Bunlardan başqa, Gürcüstan Ordusu son 2 ildə yerli istehsal olan 2 fərqli modeldə zirehli personal daşıyıcı və döyüş maşınını silahlanmaya daxil edib. Gürcüstan hərbi sənayesinin debütü sayılan “Didgori” adlı nəqliyyat vasitəsinin “Didgori-1” və “Didgori-2” modifikasiyaları mövcuddur. Xarici görünüşcə Türkiyənin “Cobra”larına bənzəyən “Didgori”nin mühərriki 450 at gücünə malik, maksimal surəti isə 120 km/saatdır. Çəkisi 7 ton, uzunluğu 5.75, eni 2.38, hündürlüyü 2.20 metr olan avtomobilin arxa və qabaq hissələri “Flir Systems” şirkətinin termal kameraları ilə təchiz edilib. NATO STANAG-2 tələblərinə cavab verən “Didgori -1” avtomobili 9 heyət (8 heyət + 1 pulemyotçu) daşıya bilir. Yeddi heyətin daşınması üçün nəzərdə tutulmuş “Didgori-2” isə NATO STANAG-1 səviyyəsinə uyğundur.

Gürcüstan hərbi sənayesinin son olaraq fevral ayında təqdim etdiyi “Lazika” adlı paletli PDM isə məsafədən idarə olunan 23 mm-lik top və 7, 62 mm-lik pulemyotla silahlandırılıb. Bundan başqa PDM gecə, gündüz və sitənilən hava şəraitində döyüş aparmağa imkan verən termal kameralarla təchiz olunub.

Azərbaycan

Ötən 7 ildə əsasən Rusiya və Ukraynadan zirehli döyüş maşınları və personal daşıyıcıları tədarük edən Azərbaycanın silahlanmasına bu dövrdə İsrail və Türkiyə istesalı olan döyüş maşınları daxil olub. Bundan başqa, sülhməramlı qüvvələrin istifadəsində bir neçə ədəd “Cougar” və “Humvee” tipli maşın mövcuddur.
Azərbaycanın 2011-ci ildə keçirilmiş hərbi paradında nümayiş olunan döyüş texnikaları arasında İsrail istehsalı olan “AIL Storm” (Sufa) nəqliyyat vasitəsi diqqəti çəkib. İsrail Təhlükəsizlik Qüvvələrinin də istifadə etdiyi bu nəqliyyat vasitəsi çəkicə yüngül olmaqla yanaşı, balistik müdafiəsi də zəifdir.
“Otokar” şirkətinin istehsalı olan “Cobra” və “Akrep” tipli zirehli maşınlar və “Land Rover Defender” tipli maşınlar Azərbaycan Silahlı Qüvvələrinin inventarına 2011-ci ilin əvvəlindən daxil olmağa başlayıb.
Azərbaycanın CAR-ın “Paramount Group” şirkəti ilə müştərək Bakıda istehsal etdiyi “Matador” və “Marauder” tipli zirehli personal daşıyıcılar da 2011-ci ildən silahlanmada öz yerini alıb. “Matador” sinfli MRAP ların ilk partiyasının istehsalı 2010-cu ildə tamamlanıb. Nəqliyyat vasitəsi əsasən personalı daşımaq, komanda mərkəzi, rabitə maşını, həmçinin döyüş meydanından yaralıların təxliyəsi kimi işlərdə istifadə oluna bilir. Tam təchiz edilmiş 14 heyəti daşıma imkanına malik “Matador”un uzunluğu 6.57 metr, yüklü halda çəkisi 15300 kq təşkil edir. “Matador”un 4×4 və 6×6 təkər formuluna malik konfiqurasiyaları mövcuddur. Maşının balistik müdafiəsi NATO-nun STANAG 4569 level III (7.62 × 54 mm), minaya qarşı qoruması STANAG 4569 4a və 4b (korpusun altında 14 kq, təkərin altında 21 kq TNT partlayışına) səviyyəsinə uyğundur. MSN-in “Paramount Group” şirkəti ilə birgə iistehsal etdiyi “Marauder”də mina partlayışlarına qarşı güclü müdafiəni təşkil edir. Bu nəqliyyat vasitəsi 5 tona yaxın yükü aparmaq üçün işlənib hazırlanıb. Bu nəqliyyat vasitəsinin silahlanmasına “Matador”da olduğu kimi müxtəlif silahlar daxil edilə bilir. “Marauder”in minaya qarşı qoruması NATO-nun STANAG 4569 Level 4a və Level 4b səviyyəsinə uyğundur. Bu isə nəqliyyat vasitəsinin 14 kq TNT partlayışına qarşı müdafiəsini təmin edir. “Marauder”in balistik müdafiəsi NATO-nun STANAG 4569 level III (7.62 x 54 mm çaplı güllələr) səviyyəsinə cavab verir.

Ermənistan

Silahlanmasında əsasən Rusiyaya bağlı olan Ermənistan isə son 10 ildə hələ ki, yerli istehsal olan 100-ə yaxın “Ayk” adlı zirehli avtomobili istifadəyə qəbul edib.

Zirehli halda çəkisi 6 ton təşkil edən “Ayk” 7 personalı və ya 1.5 ton yükü daşıya bilir. Avtomobilin zirehi 7.62 mm çaplı güllələrə qarşı qorumanı təmin edir. Rusiyadan gətirilmiş detallar əsasında yığılan “Ayk”ın yaxın perspektivdə MRAP versiyası da daxil olmaqla 5 fərqli modifikasiyasının yaradılması planlaşdırılır.