17/03/2017 22:31

Cocuq Mərcanlı kəndi minalardan belə təmizlənir – FOTOSESSİYA

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yanvar ayından Cəbrayıl Rayonunun Cocuq Mərcanlı kəndində minatəmizləmə əməliyyatları həyata keçirir.

“AzeriDefence”nin məlumatına görə, kəndin yenidən inşası ilə əlaqədar olaraq 300 hektar ərazidə əməliyyatlar aparılması nəzərdə tutulur.

Əməliyyatlar mexaniki minatəmizləmə maşınlarının, itlərin tətbiqi və əllə təmizləmə yolu ilə aparılır.

ANAMA-dan verilən məlumata görə, 40 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib,  22 ədəd partlamamış hərbi sursat (4 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843), 3 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (2 ədəd PQ-7VL və 1 ədəd PQ-7VM), 2 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VM),  1 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və 8 ədəd TM-62P3 minasının gücləndiricisi), 5 ədəd piyada əleyhinə mina (OZM-72) və 32 ədəd tank əleyhinə mina (8 ədəd tank əleyhinə TM-57 minası və 24 ədəd TM-57 tank əleyhinə minanın partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib. 1 202 775 kv.m ərazi (421 236 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və  327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

“AzeriDefence” minatəmizləmə əməliyyatlarından hazırlanmış fotosessiyanı təqdim edir.