18/05/2017 13:24

Cocuq Mərcanlıda 49 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatları davam etdirilir.

ANAMA-nın mətbuat xidmətindən “AzəriDefence”yə verilən məlumata görə, mayın 17-də Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 1 504 ədəd qəlpə, 26 ədəd partlamamış hərbi sursat – 1 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M-6IÇ) və 49 ədəd tank əleyhinə TM-57 minasının partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Nəticə etibarilə 27 324 kv.m (2.73 ha) ərazi tam təmizlənib, 32 500 kv.m (3.25 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.