29/01/2018 14:16

Danimarka müdafiə xərclərini 2.14 milyard dollar artıracaq

Danimarka parlamenti 6 il ərzində müdafiə xərclərinin artırılaraq 12.8 milyard krona (2.14 milyard ABŞ dollarına) çatdırılması haqda qərar qəbul edib.

“AzeriDefence” TASS agentliyinə istinadən xəbər verir ki, Danimarka parlamentinin bu haqda qərar qəbul etməsi Rusiya tərəfindən artan təhlükə ilə əlaqədardır.

“Öz müdafiə qabiliyyətimizin möhkəmləndirilməsində əzm nümayiş etdirməliyik, bu qətiyyət bizdə var”, – deyə Danimarka hökumətinin rəhbəri Lars Lyokke Rasmussen bildirib.

“2017-ci ildə Danimarka Müdafiə Nazirliyinin büdcəsi 21,7 milyard kron (3,6 milyard dollar) təşkil edirdisə, 2018-ci ilə bu büdcə 800 milyon kron (134 milyon dollar), 2023-cü ildə isə 4,8 milyard kron (800 milyon dollar) artırılacaq. Ümumi hesabla yəni 6 illik artım, 2017-ci illə müqayisədə 20% daha çox olacaq”, – deyə Danimarkanın “Ritzaus Bureau” agentliyi müdafiə xərclərinin artırılmasını belə açıqlayıb.

Həmçinin bildirilib ki, ayrılan vəsaitin 223 milyon ABŞ dolları kibercinayətkarlıqla mübarizə üçün nəzərdə tutulub. Bundan əlavə, əldə edilmiş yeni texnika və yeni yaradılmış hərbi hissələrin hesabına şəxsi heyətin sayının 20 000-dən 20 700-ə qədər artırılacaq. İllik çağırışçıların sayının da 4000-dən 4500-ə qədər artırılması planlaşıdırılır.