27/07/2018 21:22

“Daşkənd” sərhəd zastava kompleksi xidməti istifadəyə verilib – FOTOLAR

İyulun 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsində yeni inşa edilmiş “Daşkənd” sərhəd zastava kompleksi xidməti istifadəyə verilib.

Bu barədə “AzeriDefence”yə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Yeni sərhəd zastavası kompleksinin açılışı münasibəti ilə keçirilən mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, prezident İlham Əliyevin diqqəti sayəsində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində şəxsi heyət üçün yüksək xidməti və məişət şəraitinin yaradıldığını qeyd edib. Ardıcıl həyata keçirilən islahatlar sayəsində Azərbaycan Sərhəd Mühafizəsinin mükəmməl inkişaf yolu keçərək qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirməyə qadir olan hərbi qurum səviyyəsinə yüksəldiyi xüsusi vurğulanıb.

Tədbirdə iştirak edən Yardımlı rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov sərhədçiləri təbrik edərək onlara uğurlar arzulayıb.

Mərasimdə xidmətdə yüksək nəticələr göstərmiş hərbi qulluqçulara mükafatlar təqdim olunub.

Rəmzi lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qonaqlarla birlikdə sərhəd zastavasına baxış keçirib. Qısa müddət ərzində müasir tələblərə uyğun yeni inşa edilmiş sərhəd zastavasında xidmətin yüksək səviyyədə təşkili və sərhədçilərin istirahəti üçün hər cür şərait yaradılıb. Zabit və gizir ailələri üçün inşa olunan mənzillər, müasir tələblərə cavab verən xü­usi təyinatlı otaqlar, yeməkxana, istirahət guşəsi, təlim şəhərciyi, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana lazımi avadanlıq və vasitələrlə təmin olunub, yol və səkilər asfaltlanıb, ərazidə abadlaşdırma işləri görülüb.

Yerləşdiyi ərazinin xüsusiyyətləri nəzərə alınaraq sərhəd zastavasını fasiləsiz enerji ilə təmin etmək məqsədilə pilot layihə olaraq Azərbaycan istehsalı olan günəş elektrik stansiyası quraşdırılıb. Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən bu pilot layihəsinin uğurla gerçəkləşdirilməsi gələcəkdə mürəkkəb relyef şəraitinə malik olan digər ucqar sərhəd zastavalarının da enerji təminatının bərpa olunan enerji mənbələri hesabına həyata keçirilməsi şəraitini yaradacaq.

Mürəkkəb relyefə malik yüksək dağlıq və meşəlik ərazidə inşa olunmuş yeni sərhəd zastavasında yaradılan şərait sərhədçilərə ilin bütün mövsümlərində, o cümlədən şaxtalı-boranlı qış aylarında xidməti daha yüksək səviyyədə təşkil etməyə geniş imkanlar yaradacaq.

Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.