22/06/2019 13:04

Daxili Qoşunlar Ali Hərbi Məktəbinin məzunlarının buraxılışı olub

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin məzunlarının ikinci buraxılışına həsr olunan mərasim keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Ali Hərbi Məktəbin döyüş bayrağı sıra meydanına gətirilib. Sonra ümummilli lider Heydər Əliyevin və vətənin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Nazir müavini–Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov təntənəli mərasimdə çıxış edərək Ali Hərbi Məktəbin ikinci buraxılışının Qоşunlаrın həyatında ən əlamətdar günlərdən biri olduğunu bildirib.

O deyib ki, milli hərbi kаdrlаrın hаzırlаnmаsı istiqаmətində təməli ümummilli lider Hеydər Əliyеv tərəfindən qоyulan siyasəti bu gün Prеzidеnt İlhаm Əliyеv uğurlа dаvаm еtdirməkdədir. Məhz Daxili Qoşunların kadr potensialının daha da gücləndirilməsi məqsədilə dövlət başçısının 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Orta İxtisas Hərbi Məktəbinin bazasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi yaradılıb.

Qeyd olunub ki, Azərbaycanda aparılan quruculuq işləri və islahatlar Daxili Qoşunların hərbi hissələri ilə bərabər Ali Hərbi Məktəbin də inkişafına təkan verib, müasir tələblətə cavab verən kadr potensialı formalaşıb, zəruri maddi-texniki tədris bazası yaradılıb. Fəaliyyətin müasir standartlara uyğun təşkili məqsədilə hal-hazırda Ali Hərbi Məktəbdə kompüterləşdirilib zəruri texniki və əyani vasitələrlə tam təchiz olunmuş auditoriyalar, siniflər, fənn kabinetləri, təlim şəhərcikləri yaradılıb. Gələcəyin zabitlərinin intellektual səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən kitabxana, xüsusi guşələr və xarici dil mərkəzi fəaliyyət göstərir.

Ali Hərbi Məktəbin yaradılmasında və sonrakı fəaliyyətində Türkiyə DİN Jandarm Komandanlığının zabit heyətinin böyük əməyi olub. Hazırda qardaş ölkənin təcrübəli zabitlərindən ibarət pedaqoji heyət yüksək ixtisaslı zabit kadrların hazırlanmasında fəal iştirak edir və əminliklə demək olar ki, bu təhsil müəssisəsi inkişaf etmiş dövlətlərin analoji təhsil ocaqları ilə rəqabət aparacaq səviyyədədir.

Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə, o cümlədən təntənəli mərasimdə iştirak edən ölkənin Jandarm və  Sahil Təhlükəsizlik Akademiyasının rəisi, general-leytenant Hüseyin Kurtoğluna təşəkkürünü bildirən nazir müavini Ş.Məmmədov əməkdaşlığın bundan sonra da yüksək səviyyədə davam və inkişaf etdiriləcəyini bildirib.

Məzunların həyatında yeni bir dövrün başlandığını nəzərə çatdıran general-leytenant Şahin Məmmədov onları əlamətdar hadisə münasibətilə təbrik edib, bu təhsil ocağında komandir peşəsinə yiyələnməklə gənc zabitlərin liderlik, cəsurluq, fədakarlıq, dürüstlük kimi keyfiyyətlər qazandıqlarını, peşələrini sevən, müasir düşüncəyə sahib zabitlər kimi formalaşdıqlarını xatırladaraq onların аrtıq hаzırlıqlı və pеşəkаr hərbçilər kimi Daxili Qoşunların sıralarında xidmətlərini uğurla davam etdirəcəklərinə Qoşunların döyüş ənənələrinə sadiq qalacaqlarına əminliyini bildirib.

Daha sonra Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş iki məzuna – Rafiq Mikayılova və Vaqif Abadova fərqlənmə diplomları və “leytenant” hərbi rütbələri paqonları təqdim edilib.

Gənc zabit R.Mikayılov “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Döyüş bayrağı üçüncü kursun kursantlarına təhvil verilib. Ali Hərbi Məktəbin marşı ifa edilib.

Sonda şəxsi heyət tənətənəli marşla tribunanın qarşısından keçib.