25/05/2018 18:08

Daxili Qoşunlar AXC-nin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə Daxili Qoşunların Baş İdarəsində mərasim keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Bakı Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və inkişaf mərhələsi tarixi nailiyyətimizdir” mövzusunda çıxış edib.

Məruzəçi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixin ən keşməkeşli illərində, mürəkkəb bir dövrdə meydana gəldiyini və çox çətin şəraitdə fəaliyyət göstərdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının və milli dövlətçiliyinin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni yerinə yetirərək milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanlarının yaradılmasına, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinə, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordunun yaranmasına nail olub.

Bildirilib ki, XX əsrin sonlarında yenidən dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğunun, eyni zamanda vətəndaş cəmiyyətinin inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ə.Şahverdiyev vurğulayıb ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla davam etdirilir.