28/06/2017 15:07

Daxili Qoşunlar: “Formula-1 Azərbaycan Qran Pri” yarışları zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib

İyunun 23-25-də Bakı şəhərində keçirilmiş “Formula-1 Azərbaycan Qran Pri” yarışları zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Daxili Qoşunların mətbuat xidmətinin yaydığı xəbərdə bildirilib.

Qeyd olunub ki, Azərbaycanın paytaxtı Bakı şəhərində ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında polis əməkdaşları ilə birlikdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının şəxsi heyəti də qarşıya qoyulmuş tapşırıqların icrasına tam məsuliyyətlə yanaşmaqla üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Yarışa hazırlıqla əlaqədar Daxili Qoşunların komandanlığı tərəfindən sıra baxışları keçirilib, xidmətə cəlb olunan şəxsi heyətin zahiri görünüşü, texnika və mühəndis əmlaklarının sazlığı yoxlanılıb, mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Yarış zamanı marşrut üzrə perimetr boyu ərazilərin mühafizəsi təmin edilib, mühəndis-istehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılmış tribunalar və digər obyektlər  öncədən yoxlanılaraq müvafiq qaydada aidiyyəti üzrə mühafizəyə verilib. Nəzarət-buraxılış məntəqələrində polis əməkdaşları ilə birlikdə buraxılış rejimi təmin olunub, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də geniş istifadə edilib.

Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, xidmətin aparılmasında hər hansı nöqsana yol verilməyib.

Xidmətə cəlb olunan hərbi qulluqçularla aparılan izahat işləri, o cümlədən onların mənəvi-psixoloji və fərdi keyfiyyətlərinə xüsusi diqqətin yetirilməsi nəticəsində vətəndaşlarla, xüsusən əcnəbi qonaqlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi əməl olunub.

Yarış zamanı xidmətin keyfiyyətli təşkili üçün bütün profilaktik tədbirlər görülüb, şəxsi heyətin daşınması, onların qidalanması, hərbi qulluqçulara tibbi xidmətin göstərilməsi, asudə vaxtının səmərəli təşkili də xüsusi diqqət mərkəzində saxlanılıb.

Bildirilib ki, mötəbər tədbir zamanı ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan DİN Daxili Qoşunlarının şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.