31/03/2016 15:54

Daxili Qoşunlar Komandanı Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçi qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunlardan məlumat verilib.

Görüş zamanı general-leytenant Ş. Məmmədov Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarusun müvafiq qurumu arasında son dövrlərdə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasını yüksək qiymətləndirib. O, hər iki qurumun komandanlarının rəhbərliyi ilə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini xüsusilə qeyd edərək, görüşlər zamanı hərbi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli müzakirələrin aparılmasını bildirib. Daxili Qoşunlar komandanı iki qurum arasında mövcud olan qarşılıqlı təcrübə mübadiləsinin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfələr verəcəyini qeyd edib.

İki ölkənin müvafiq qurumları arasında faydalı əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu deyən səfir G. Axramoviç qarşılıqlı əməkdaşlıq münasibətlərinin davam etdirilməsinin vacibliyini ifadə edərək, təcrübə mübadiləsinin genişləndirilməsi ilə bir çox sahələrdə müsbət nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu vurğulayıb.