09/08/2014 05:05

Daxili Qoşunlar komandanı Bərdədəki hərbi hissədə olub

Avqustun 4-dən 6-dək daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən hərbi hissəsində olub. Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlanılması məqsədi daşıyan səfər çərçivəsində Daxili Qoşunların komandanı ilk növbədə hərbi hissənin döyüş hazırlığını, təlim-tədrisin vəziyyətini yoxlayıb. Şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə maraqlanıb.

Hərbi hissə komandiri məruzə edərək bildirib ki, şəxsi heyət yüksək döyüş qabiliyyətinə malikdir və mənəvi-psixoloji vəziyyət tələb olunan səviyyədədir.

Sonra Daxili Qoşunların komandanı hərbi hissənin idarə heyətilə xidməti müşavirə keçirib. Azərbaycanın iqtisadi qüdrətinin artmasının Silahlı Qüvvələrimizin möhkəmlənməsinə geniş imkanlar açdığını deyən Ş. Məmmədov prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü islahatlar öz bəhrəsini verməkdədir. Bunun nəticəsidir ki, ən müasir silah və texnikalarla təchiz olunmuş Azərbaycan ordusu Cənubi Qafqazda liderliyi qoruyub saxlamaqdadır.

Ötən dövr ərzində hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən razılığının ifadə edən general-mayor Ş.Məmmədov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının, hər an istənilən tapşırığın yerinə yetirilməyə hazır olmalarının vacibliyini qeyd edib.