10/09/2019 19:18

Daxili Qoşunlar Komandanının müşavirinin Azərbaycanda xidməti ezamiyyəti başa çatıb

Sentyabrın 10-da Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov xidməti ezamiyyətini başa vuran Daxili Qoşunlar Komandanının müşaviri polkovnik Mustafa Çekiçi qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı münasibətlərdən söz açan general-leytenant Ş.Məmmədov Türkiyə Jandarma Baş Komandanlığının Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan hər bir hərbi qulluqçusunun təlim-tədris prosesinin inkişafı və təkmilləşdirilməsi istiqamətində mühüm işlər gördüyünü diqqətə çatdırıb. Xüsusilə Daxili Qoşunların xüsusi təyinatlı bölmələri üçün Türkiyə Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının müvafiq təlim-tədris mərkəzlərində yeni kursların təşkili istiqamətində göstərdiyi təşəbbüslərə görə polkovnik Çekiçə təşəkkürünü bildirib.

Polkovnik M.Çekiç öz növbəsində, Daxili Qoşunlarda xidməti ezamiyyətdə olmaqdan məmnun olduğunu ifadə edərək, bu müddət ərzində ona göstərilən diqqət və qayğıya görə Daxili Qoşunlar Komandanına dərin minnətdarlıq hisslərini çatdırıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki qardaş ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.

Öz səmimi arzularını dilə gətirən general-leytenant Ş.Məmmədov polkovnik M.Çekiçə təyin olunduğu yeni vəzifədə, qarşıdakı fəaliyyətində müvəffəqiyyət və şəxsi həyatında xoşbəxtlik diləyib.

Görüşün sonunda Daxili Qoşunların Komandanı polkovnik M.Çekiçi “Xidmətdə fərqləndiyinə görə” döş nişanı ilə təltif edərək, ona Daxili Qoşunların yaranmasının 25-ci ildönümünə həsr olunmuş kitabı təqdim edib və xatirə şəkli çəkilib.