30/07/2019 22:50

Daxili Qoşunlar qarşıya qoyulmuş tapşırıqları yerinə yetirib

İyul ayının 20-dən 28-dək Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti polis əməkdaşları ilə birlikdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasına cəlb olunub.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, hərbi qulluqçular tərəfindən yarış və qeyri-yarış obyektlərinin mühafizəsi etibarlı şəkildə təmin olunub.

Yarışlar zamanı marşrut üzrə perimetr boyu ərazilərin mühafizəsi təmin edilib, mühəndis-istehkam qrupları tərəfindən tamaşaçılar üçün quraşdırılan tribunalar və digər obyektlər öncədən yoxlanılaraq müvafiq qaydada aidiyyəti üzrə mühafizəyə verilib.

Nəzarət-buraxılış məntəqələrində buraxılış rejimi təmin olunub, hərəkət icazəsi olan mülki avtomobillərin yoxlanılması zamanı xidməti itlərdən də istifadə edilib. Qeyd olunan istiqamətlər üzrə qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilərək, xidmətin aparılmasında hər hansı bir nöqsana yol verilməyib.

Qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları yerinə yetirilərkən hərbi qulluqçuların ayıq-sayıqlığı nəticəsində bir sıra qanun pozuntularının da qarşısı alınıb.

Bildirilib ki, tədbir zamanı ictimai təhlükəsizliyin təmin olunmasında kifayət qədər təcrübəyə malik olan DİN Daxili Qoşunlarının şəxsi heyəti bu dəfə də qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.