27/07/2012 12:27

Daxili Qoşunlar üçün Türkiyənin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilibELAN

Azərbaycan Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə kursant qəbulu elan edib. Bu barədə “AzeriDefence”yə TQDK-dan məlumat verilib.

Məktəbdə tədris Türk dilində, əyani və 4 ildir. Kursantlar təhsili bitirdikdən sonra əlavə olaraq 1 illik təkmilləşmə kursuna cəlb olunacaqlar.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də xərclik ilə təmin olunurlar. Müsabiqədə TQDK tərəfindən Azərbaycan bölməsində I qrup üzrə test üsulu ilə keçirilən qəbul imtahanında 250 və daha yüksək bal toplamış namizədlərdən 16-20 yaş arasında təvəllüdə malik, Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq qəbul edən dövlət tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı qrupa daxil olan namizədlər üçün minimum boy/çəki standartları: müvafiq olaraq 16 yaş üçün – 163 sm və 48 kq, 17 yaş üçün 168 sm və 52 kq-dır; 18 və yuxarı yaş qrupuna daxil olan namizədlər üçün minimum boy/çəki standartları – 169 sm və 54 – 74 kq arası), sağlamlıq baxımından, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, nitqində hər-hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayan namizədlər iştirak edə bilər.

Müsabiqə nəticəsində seçilmiş 50 nəfər namizəd Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi həkim komissiyasından keçdikdən sonra Daxili Qoşunların Baş İdarəsində fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunacaqlar. Fiziki hazırlıq üzrə yoxlamalardan keçmiş 30 nəfər namizəd Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Hərbi Attaşeliyi və Hərbi işbirliyi üzrə Koordinasiya Qərargahı tərəfindən keçiriləcək müsahibədə iştirak edəcək. Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 5 nəfər namizəd Türkiyəyə təhsil almağa göndəriləcək. Məktəbi müvəffəqiyyətlə bitirmiş şəxslər Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər.

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 26-dan avqustun 2-dək saat 10:00-dan 17:00-dək TQDK-ya müraciət etməlidirlər.

Əlavə məlumatlar almaq üçün əlaqə telefonu: 513-04-51, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi, Bakı şəhəri, Q. Musabəyov küç. 4