30/05/2019 19:05

Daxili Qoşunlar: UEFA Avropa Liqasının final oyunu zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib

Mayın 29-da Bakıda İngiltərənin “Arsenal” və “Çelsi” futbol komandaları arasında keçirilmiş final oyunu zamanı Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi yüksək səviyyədə həyata keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, DİN-in hazırladığı müvafiq plana əsasən, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsi üçün Daxili Qoşunların Baş İdarəsi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. UEFA Avropa Liqasının final oyununun keçirilməsi ilə bağlı Bakı Olimpiya Stadionunda, Dənizkənarı Milli Parkın FAN zonasında, o cümlədən, bu tədbirlə bağlı nəzərdə tutulmuş qeyri-yarış yerlərində xidmətin aparılmasına cəlb olunan qüvvə və vasitələr müəyyən olunub.

Yarış ərəfəsində şəxsi heyətin xidmət sahələri üzrə bölgüsü aparılıb və hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətinin əlaqələndirilməsi üçün dəqiqləşdirilməsi, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili məqsədilə zəruri tədbirlər görülüb. Tədbirə cəlb olunacaq tibb personal müəyyən edilib, onların təminat və təchizatı ilə əlaqədar müvafiq işlər aparılıb. Həmçinin, tədbirə cəlb ediləcək şəxsi heyətin lazımi sayda radiostansiya, əl detektorları və digər vasitələrlə təchiz olunması təmin edilib.

Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunan şəxsi heyətə tədbirin əhəmiyyəti, qanunçuluq, vətəndaşların hüquq və azadlıqlarının qorunması prinsipləri izah edilmiş, vəzifə borclarının icrasına məsuliyyətlə yanaşılması tələb olunub.

Bu tədbirdə qadın hərbi qulluqçular da təhlükəsizlik tədbirlərinə cəlb olunublar. Bütün şəxsi heyət xüsusi geyim forması ilə təmin olunub, həvalə edilən obyektlərin mühafizəsi, piyadaların və nəqliyyat vasitələrinin yoxlanılması sahələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib.

Final oyunu ilə əlaqədar yarış və qeyri-yarış obyektlərində hər hansı bir ciddi qanun pozuntusu qeydə alınmayıb.