14/06/2018 11:12

Daxili Qoşunlarda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Daxili Qoşunların Baş İdarəsində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyatı və xalqın qarşısındakı fədakar xidmətlərindən bəhs edən “Milli Qurtuluşdan İntibaha” adlı film izləyib.

Sonra “Milli Lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müstəqilliyin və dövlətçiliyin memarıdır” mövzusunda məruzə ilə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov çıxış edib.

Məruzəçi qeyd edib ki, Azərbaycan tarixinə əlamətdar gün kimi daxil olan bu tarix məhz H.Əliyev tərəfindən yazılıb. O, H.Əliyevin həmin dövrdə Azərbaycan Respublikasını parçalanmaqdan hifz edərək, ölkədə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdığını və sosial-iqtisadi inkişafın təməlini qoyduğunu xüsusi olaraq vurğulayıb: “Milli lider Heydər Əliyev 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında dönüş yaratdı. Həmin dövrdən beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı”.

Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

Silahlı Qüvvələrin yaradılması sahəsində dahi Liderin ölçüyəgəlməz xidmətləri olduğunu da tədbir iştirakçılarının diqqətinə çatdıran tarixçi Azərbaycan Respublikasının hazırda mövcud olan güclü ordusunun formalaşması prosesinin təməlinin hələ o dövrdə qoyulduğunu bildirib: “Ulu Öndər tərəfindən həyata keçirilən mütərəqqi tədbirlərin nəticəsi kimi, Silahlı Qüvvələrin formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, eyni zamanda bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən atəşkəs imzalandı”.