22/07/2014 15:26

Daxili Qoşunlarda Türkiyə Jandarma Qüvvələrinin zabitləri mükafatlandırılıb

Türkiyə Jandarma Qüvvələrinin Daxili Qoşunlarda xidməti ezamiyyətdə olan daha bir heyətinin fəaliyyət müddəti başa çatıb. Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.Bu münasibətlə daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov heyətlə görüşüb.
General-mayor Ş.Məmmədov xidməti ezamiyyətini başa vurmuş qoşunların hərbi hissələrində çalışmış 9 nəfərdən ibarət müəllim heyətinə göstərdikləri köməkliyə görə minnətdarlığını bildirib.
Ş. Məmmədov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabırın 31-də Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında imzalanmış protokoldan danışaraq, iki qurum arasındakı sıx “əsgəri qardaşlıq” münasibətlərinin günü-gündən dərinləşdiyini vurğulayıb. Heydər Əliyevin “bir millət, iki dövlət” şüarını xatırladan Daxili Qoşunların komandanı qardaş Türkiyə Jandarma Qüvvələrinin Azərbaycan DİN-nin Daxili Qoşunlarına təlim-tədris sahəsində göstərdiyi köməkliyin bunun bariz nümunəsi olduğunu nəzərə çatdırıb.

Türkiyəli müəllim heyəti onlara göstərilən diqqətə görə Daxili Qoşunların komandanına öz minnətdarlığını ifadə edib. Xidməti fəaliyyət müddətində qardaş münasibətini hiss etdiklərini deyən heyət üzvləri Daxili Qoşunlara daima köməklik göstərməyə hazır olduqlarını bildiriblər.

Görüşün sonunda general-mayor Ş.Məmmədov Jandarma Qüvvələrinin zabitlərini “Fərman”la mükafatlandırıb.