13/03/2013 15:46

Daxili Qoşunların 21 illiyi qeyd olunub

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsində Azərbaycan Daxili Qoşunlarının yaranmasının 21-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib. “AzeriDefence”nin məlumatına görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə nazirin qarşılanma mərasimi olub. Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov şəxsi heyətin təntənəli mərasimə hazır olması barədə general-polkovnik Ramil Usubova raport verib.

DQ-nin bu illər ərzində keçdiyi şanlı döyüş və xidmət yolu barədə məruzə ilə çıxış edən general-leytenant Zakir Həsənov bildirib ki, ötən illər ərzində sözügedən qurum ölkəmizin həyatında baş verən bir sıra proseslərin fəal iştirakçısı olub. Ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxıb. Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq nümunələri göstəriblər. Döyüş əməliyyatları aparılan müddətdə Daxili Qoşunların 510 hərbi qulluqçusu həlak olub, 1166-sı yaralanıb, 268 nəfər itkin düşüb, 9 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bu gün Daxili Qoşunların yüksək döyüş hazırlığına malik bir qurum olduğunu deyən general-leytenant Z.Həsənov bildirib ki, prezident, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə diqqəti və qayğısı nəticəsində Daxili Qoşunlarda da davamlı inkişaf prosesi gedir: “Aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər yeni inkişaf dövrü kimi xarakterizə olunur. Təsadüfi deyil ki, maddi-texniki bazanın möhkəmləndirilməsi, kazarma-yaşayış fondunun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində hərbi hissələr müasir texnika və rabitə sistemləri ilə təchiz olunmuş, istifadədə olan silah, texnika, xüsusi vasitə və avadanlıqlar ən yüksək beynəlxalq standartlara cavab verir. Ötən il Daxili Qoşunların ixtisaslı zabit kadrları ilə təmin olunmasının daha da yaxşılaşdırılması məqsədilə Orta ixtisas hərbi məktəbinin bazasında Ali Hərbi Məktəb də yaradılıb”.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandanın bayram münasibətilə şəxsi heyətə təbriklərini və xoş arzularını çatdırıb. Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyini xatırladan nazir Azərbaycanın müstəqilliyi ilə yaşıd olan bu qurumun torpaqların qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyini, yüzlərlə şəhid verdiyini, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğunu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyini, Qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyini bildirib. Nazir onu da qeyd edib ki, bu gün Daxili Qoşunlar, qarşısına qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadirdir.
Daxili Qoşunların beynəlxalq əməkdaşlıq çərçivəsində əldə etdiyi uğurlardan söz açan nazir bu qurumun 1997-ci ildən Türkiyə Jandarm Təşkilatı ilə sıx əlaqələr saxladığını, bu illər ərzində Jandarm Qüvvələrinin yardımı ilə Qoşunların müasir tələblərə uyğun qurulduğunu, təminatının əhəmiyyətli dərəcədə yüksəldiyini xatırladıb. Əldə edilmiş nailiyyətlərə görə dost və qardaş dövlətin Silahlı Qüvvələrinin, onun Jandarm Komandanlığının rəhbərliyinə və hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.

Sonda daxili işlər nazirinin müvafiq əmrləri elan olunub və R. Usubov xidmətdə fərqlənmiş hərbi qulluqçulara medallar və mükafat qaydasında verilmiş rütbələrin paqonlarını təqdim edib. Mərasimin sonunda tədbir iştirakçıları adından prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.