16/09/2019 10:36

Daxili Qoşunların Ali Hərbi Məktəbində kursantların andiçmə mərasimi keçirilib

2019-cu ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunan kursantların andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə,  mərasimdə kursant valideynləri iştirak ediblər.

Tədbir Ali Hərbi Məktəbin Döyüş Bayrağının sıra meydanına gətirilməsi ilə başlayıb.

Azərbaycan xalqının milli lideri Heydər Əliyevin və respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edilib, Daxili Qoşunların Nümunəvi-göstərici Hərbi Orkestrinin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Ali Hərbi Məktəbin rəisi general-mayor İlqar Məmmədov çıxış edərək Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun kursantlara andiçmə münasibətilə təbrik və tövsiyələrini çatdırıb. Daha sonra hərbi andın mənasını, öz xalqına, Azərbaycan Respublikasına sədaqət andı içən kursantların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Azərbaycan Konstitusiyasının müvafiq maddələrinin tələblərini xatırladıb.

Bildirilib ki, Daxili Qoşunların bütün şəxsi heyəti kimi, bu gün sıralar daxil olan kursantlar da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırığı layiqincə yerinə yetirəcək, Daxili Qoşunların sıralarının möhkəmlənməsi üçün səy göstərəcək, dövlət və dövlətçiliyin daha da gücləndirilməsi naminə öz fədakar xidmətlərini əsirgəməyəcəklər.

Daha sonra Ali Hərbi Məktəbə yeni qəbul olunan kursantlar hərbi and içərək, Azərbaycana və onun xalqına sadiq olacaqları, dövlətin mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqları, bundan ötrü qanlarını və canlarını əsirgəməyəcəkləri barədə söz veriblər.

Kursantlar adından çıxış edən Cabbar Haqverdiyev müqəddəs bayrağa əl basaraq and içdiklərini, zabit adına hər zaman layiq olmağa çalışacaqlarını, hərb işini vicdanla öyrənəcəklərini, hərbi ənənələri şərəflə davam və inkişaf etdirəcəklərini, üzərilərinə düşən şərəfli və məsul vəzifələri layiqincə yerinə yetirəcəklərini, onlara olan etimadı hər zaman doğruldacaqlarını ifadə edib.

Tədbir şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.