24/06/2018 01:06

Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışı olub

İyunun 23-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ilk buraxılışına həsr olunmuş mərasim keçirilib.

“AzeriDefence”nin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tədbirdə respublikanı daxili işlər naziri general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə Ali Hərbi Məktəbin döyüş bayrağı sıra meydanına gətirilib. Sonra ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçmiş hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Nazir müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov təntənəli mərasimdə çıxış edərək Ali Hərbi Məktəbin ilk buraxılışının Qоşunlаrın həyatında ən əlamətdar günlərdən biri olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycanda aparılan hərbi quruculuq işləri Daxili Qoşunlardan və onun Ali Hərbi Məktəbindən də yan keçməyib. Bu ali təhsil ocağı qısа müddət ərzində bütün zəruri maddi-texniki və tədris bazası ilə təmin edilib, xidmətin müasir standartlara uyğun təşkili məqsədilə tam kompyuterləşdirilmiş auditoriyalar, təlim şəhərcikləri yaradılıb, kursantların intellektual səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edən xüsusi fənn kabinələri və xarici dil mərkəzi təşkil olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Prezident İlham Əliyevin təbrik və xoş arzularını mərasim iştirakçılarına çatdırıb. Bildirilib ki, Daxili İşlər Nazirliyinin əsas struktur qurumlarından olan Daxili Qoşunlar yarandığı gündən şərəfli xidmət yolu keçib, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fədakarlıqlar göstərib, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi “Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” fikrini xatırladan nazir ölkə başçısının ali diqqət və qayğısının nəticəsi olaraq hazırda Qoşunların peşəkar hərbi quruma çevrildiyini nəzərə çatdırıb.

Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında danılmaz roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən R.Usubov bu işdə digər ölkələrin də anoloji təhsil müəssisələri ilə işgüzar əlaqələrin əhəmiyyətini qeyd edib.

Nazir Ramil Usubov Prezident İlham Əliyevin sərəncamı ilə peşəkar zabit kadrların hazırlanması məqsədilə 2014-cü ildə Ali Hərbi Məktəbin yaradıldığını, məhz Ali Baş Komandanın xüsusi diqqəti sayəsində onun maddi-texniki bazasının ilbəil gücləndiyini, bütün infrastruktur obyektlərinin tikildiyini vurğulayıb. O, bu gün Ali Hərbi Məktəbin öz təyinatına uyğun olaraq, Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Nazir Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş dörd məzuna – Emil Abdullayev, İlkin Allahverdiyev, Xəyal Cəbrayılov və Cavid Məhərrəmzadəyə fərqlənmə diplomlarını və leytenant hərbi rütbələrinin paqonlarını təqdim edib.

Gənc zabit Emil Abdullayev “Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı üçüncü kursun kursantlarına təhvil verilib və onlar Məktəbin marşını ifa ediblər.

Sonda şəxsi heyət tənətənəli marşla tribunanın qarşısından keçib.