12/09/2017 14:58

Daxili Qoşunların dəstəyi ilə gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb – FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının dəstəyi ilə gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunlarının mətbuat xidmətindən məlumat verilb.

Bildirilib ki, Səbail rayonunun 20-ci Yaşayış sahəsindəki 162 nömrəli tam orta məktəbin binasının yenidənqurma sonra istifadəyə verilib və məktəbdə Daxili Qoşunlar tərəfindən gənclərin çağırışaqədər hazırlığı kabineti yaradılıb.

Kabinetdə hərbi vətənpərvərlik mövzularını əks etdirən stendlər quraşdırılıb, əsgərin xidməti fəaliyyəti və məişət şəraiti ilə bağlı, əmlaklarla zəngin guşə yaradılıb. Bununla yanaşı hərbi geyim nümunələri və təlim silahları, müxtəlif hərbi maketlər, şüşə vitrinlərdə isə hərbi ləvazimatlar yerləşdirilib.

Bildirilib ki, bütün bunlar hərbi hazırlıq fənninin tədrisi zamanı məktəblilərə ilkin hərbi biliklərin aşılanmasında mühüm əhəmiyyət kəsb edəcək.

Məlumatda o da qeyd olunub ki, Daxili Qoşunların dəstəyi ilə 162 saylı tam orta məktəbdə yaradılmış gənclərin çağırışaqədər hazırlığı kabineti sayca altıncıdır. Ötən illərdə Sumqayıt şəhərinin 1, Səbail rayonunun 2, Qaradağ rayonunun 1, Suraxanı rayonunun 1 təhsil müəssisələrində analoji hərbi kabinetlər yaradılıb.