23/05/2015 11:06

Daxili Qoşunların helikopteri Binəqədidə yanan binada vətəndaşların təxliyyəsini aparıb

May ayının 19-u, Bakı şəhərinin Binəqədi rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğında xilasetmə işlərində digər aidiyyatı qurumlarla yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da xüsusi fəallıq göstəriblər.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunlardan məlumat verilib.

Zərərçəkmiş şəxslərin xilas edilməsində helikopter eskadrilyasının ekipajı və “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin 9 hərbi qulluqçusu cəlb olunmuş, bina sakinlərinin təxliyyə edilməsi üçün xilasetmə əməliyyatı keçirilib. Ekipaj üzvləri eskadrilyanın komandiri polkovnik-leytenant Mirzə Fərəcov, pilot-şturman mayor Rüfət Bağırov, bort-texnik kapitan Sabir Səfiyev tərəfindən hadisə yeri öyrənilib, qiymətləndirilərək helikopter 30 metrə yaxın hündürlükdə, 16 mərtəbəli binanın damına yaxınlaşdırılıb. Bundan sonra, xüsusi təyinatlı dəstənin 3 hərbi qulluqçusu – qrup komandiri leytenant Anar Mahmudov, yarımqrup komandiri gizir Eldar Məmmədov, çavuş Şamil Kərimov alpinist ipləri və kanatlar vasitəsi ilə binanın üstünə enərək xilasetmə işlərini həyata keçiriblər.

Xilasetmə işlərində yüksək mərtəbəli binanın damına helikopter vasitəsi ilə yaxınlaşaraq vətəndaşların təxliyyəsi üzrə xilasetmə işləri ilk dəfə aparılıb və Daxili Qoşunların hərbi qulluqçuları buna müvəffəq oluublar.

Hərbi anda sadiq qalaraq, xidməti vəzifə borclarını layiqincə yerinə yetirərək, vətəndaşların həyatını xilas etmiş bütün hərbi qulluqçular daxili işlər naziri tərəfindən mükafatlandırılıblar. Mükafatların təqdim olunma mərasimində daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov nazirin xilasedicilərə təşəkkürünü çatdıraraq, onların şücaətinin bir çox hərbi qulluqçulara nümunə olmasını qeyd edib. Daha sonra komandan əminliklə bildirib ki, Daxili Qoşunlar bundan sonra da qarşıya qoyulan istənilən tapşırığın yerinə yetirilməsinə həmişə hazır olacaq.