12/01/2018 16:43

Daxili Qoşunların hərbi hospitalının yaranmasının 25-ci ildönümü qeyd olunub

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi hospitalının yaranmasının 25-ci ildönümü münasibətilə mərasim keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefnce”yə verilən məlumata görə, mərasimdə veteran həkimlər, respublikanın səhiyyə müəssisələrinin aparıcı həkim, professor heyəti və digər qonaqlar iştirak ediblər.

Hərbi hospitalın rəisi, tibb xidməti polkovniki Şəmsəddin Heydərov tədbiri giriş sözü ilə açaraq, ötən illər ərzində tibbi personalın fədakar xidmətindən söz açıb, onlara şərəfli xidmətlərində uğurlar arzulayıb.

Sonra, Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının hərbi hospitalın yaranmasının 25-ci ildönümü münasibətilə şəxsi heyətə ünvanladığı təbrik çatdırılıb. Hərbi hospitalın yarandığı ilk günlərdən tibb işçilərinin ön cəbhədə yüzlərlə yaralı döyüşçüləri ölümdən xilas etdiyi xatırladılan təbrik məktubunda bu gün Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi durmuş tibbi personalın vəzifələrinin öhdəsindən məharətlə gəldiyi vurğulanaraq, bundan sonra da qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirəcəklərinə, hərbi bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artıracaqlarına, hərbi qulluqçulara yüksək dərəcədə tibbi xidmət göstərəcəklərinə əminlik ifadə edilib.

Bildirilib ki, hərbi hospitalın yaranması, keçdiyi döyüş yolu, formalaşması və müasir standartların tələblərinə cavab verən tibb müəssisəsinə çevrildiyi vurğulanıb. Mərasimdə iştirak edən bir sıra qonaqlar çıxış edərək, yubiley münasibətilə şəxsi heyəti təbrik edib, arzu və tövsiyələrini çatdırıblar.

Sonra Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanının və hərbi hissə komandirinin əmrlərinə əsasən, xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, şəxsi nümunə, yüksək hərbi intizam nümayiş etdirdiklərinə görə hərbi hospitalın bir qrup hərbi qulluqçusuna “Təşəkkür”, “Fərman”, “Qiymətli hədiyyə” və digər mükafatlar təqdim olunub.