30/10/2019 10:26

Daxili Qoşunların Hərbi Şurasının iclası keçirilib

General-leytenant Şahin MƏMMƏDOV: Müasir texnika, silah, sursat və xüsusi vasitələr alınaraq şəxsi heyətin istifadəsinə verilib

Oktyabrın 29-da Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyətinə həsr olunmuş növbəti iclası keçirilib.

Bu barədə “AzeriDefence”yə DİN Daxili Qoşunlarının mətbuat xidmətindən məlumat verilib.

İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, Daxili İşlər nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov bildirib ki, Silahlı Qüvvələrin, o cümlədən Daxili Qoşunların maddi-texniki təminatı, hərbi qulluqçuların sosial-məişət şəraiti və maddi rifahı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzindədir. Belə ki, dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayır.

General-leytenant Şahin Məmmədov qeyd edib ki, son illər Daxili Qoşunlarda quruculuq işləri sürətlə həyata keçirilir. Müasir texnika, silah, sursat və xüsusi vasitələr alınaraq şəxsi heyətin istifadəsinə verilib, sosialyönümlü obyektlərdə əsaslı təmir işləri aparılıb və bu işlər hazırda da davam etdirilir.

Həmçinin, 2019-cu ilin ötən dövrü ərzində şəxsi heyətin təminatı mövcud normalara uyğun tam həcmdə həyata keçirilib, texnikanın və xüsusi texnikanın qorunub saxlanılmasında, istismarında ciddi nöqsanlara yol verilməyib. Əvvəlki illərdə olduğu kimi, cari ildə də xidməti-döyüş tapşırıqlarının maddi-texniki təminatı düzgün təşkil olunub. Qeyd olunan istiqamətlər Daxili İşlər nazirinin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.

Daha sonra Daxili Qoşunlar komandanının müavini – Maddi-texniki təminat İdarəsinin rəisi general-mayor Fəxrəddin Səmədov Daxili Qoşunların qoşun təsərrüfatının qış mövsümünə hazırlığının vəziyyəti haqqında məruzə ilə çıxış edib.

O, bildirib ki, maddi-texniki təminatın hərtərəfli təşkili, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması qoşunların uğurla inkişaf etməsinə, qarşıya qoyulmuş tapşırıqların keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə böyük təsir göstərir.

Bununla əlaqədar, cari il ərzində Daxili Qoşunların Baş İdarəsinin Maddi-texniki təminat İdarəsi tərəfindən Ali Hərbi Məktəb və hərbi hissələrin qarşısına qoyulmuş vəzifələrin və xidməti-döyüş tapşırıqlarının layiqincə yerinə yetirilməsi üçün tələb olunan maddi-texniki vasitələrlə təminatı fasiləsiz olaraq həyata keçirilib.

Belə ki, 2019-cu ildə Qoşunlarda genişmiqyaslı təmir və abadlıq işləri görülüb. Ağstafa şəhərində patrul taborunun yerləşdirilməsi üçün yeni hərbi şəhərciyin inşası, təchizatı və istismara verilməsi üzrə hazırlıq işləri tam başa çatdırılıb, həmçinin, zabit, gizir və MAXE hərbi qulluqçuların məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Qəbələ şəhərində 80 mənzilli yataqxana binası əsaslı təmir olunaraq istifadəyə verilib.

General-mayor F.Səmədov çıxışının sonunda soyuq hava şəraitində şəxsi heyətin sağlamlığının qorunması, qoşun təsərrüfatının qış mövsümünə hazırlığı ilə əlaqədar mövcud nöqsanların aradan qaldırılması və bununla əlaqədar qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsi barədə  məruzə edib.

Hərbi Şuranın iclasında mövcud vəziyyət, fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri və onların aradan qaldırılması istiqamətində görülən işlər barədə hesabat-çıxışlar dinlənilib.

İclasa yekun vuran general-leytenant Ş.Məmmədov qış mövsümünə hazırlıqla əlaqədar şəxsi heyətin maddi-texniki və tibbi təminatı, sosial-məişət şəraitinin yaxşılaşdırılması və texnikanın istismarı üzrə tədbirlər planında nəzərdə tutulmuş işlərin tam olaraq başa çatdırılması üçün vəzifəli şəxslərə tapşırıqlarını verib.

Əminliklə bildirilib ki, Daxili Qoşunların şəxsi heyəti dövlət qayğısına cavab olaraq, yaradılan şəraitdən düzgün istifadə edəcək, təhkim olunan əmlakın qorunub saxlanılmasını təmin edəcək, yüksək döyüş hazırlığını saxlamaqla, qış mövsümünü uğurla başa vuracaqdır.