11/07/2018 11:21

Daxili Qoşunların Hərbi Şurasının növbəti iclası keçirilib

İyulun 10-da Daxili Qoşunların Baş İdarəsində Hərbi Şuranın “2018-ci ilin birinci yarımilliyində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında” iclası keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, iclasda Daxili Qoşunların Baş İdarəsinin idarə, şöbə, xidmət rəisləri, hərbi hissələrin komandirləri və müavinləri iştirak ediblər.

Müşavirədə giriş sözü ilə çıxış edən Hərbi Şuranın sədri, Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili İşlər Nazirliyinin tərkib hissəsi olan Daxili Qoşunlar 2018-ci ilin birinci yarısında qarşıya qoyulmuş tapşırıqların icrasını yüksək səviyyədə yerinə yetirib, Azərbaycanda keçirilən bütün beynəlxalq əhəmiyyətli və respublika səviyyəli tədbirlərdə ictimai təhlükəsizliyin təmini, ictimai qaydanın qorunması uğurla həyata keçirilib.

General-leytenant Şahin Məmmədov iclasın gündəliyini elan etdikdən sonra 2018-ci ilin birinci yarımilində xidməti-döyüş fəaliyyətinin yekunları və qarşıda duran vəzifələr haqqında Daxili Qoşunlar Komandanının 1-ci müavini – Qərargah rəisi general-mayor Tofiq Hüseynov məruzə ilə çıxış edib.

Bildirilib ki, cari ilin birinci yarımili ərzində müəyyən edilmiş və qəflətən qarşıya çıxan xidməti-döyüş tapşırıqlarının vaxtında, keyfiyyətlə və tam həcmdə yerinə yetirilməsi, nümunəvi nizam-intizam, struktur bölmələrin hərtərəfli təmin edilməsi prioritet məsələlərdən olub. Hissə və bölmələrin yüksək döyüş hazırlığının təmin edilməsi, qüvvə və vasitələrin effektiv istifadəsi, çevik, gizli və fasiləsiz idarəolunma, qarşılıqlı fəaliyyətin təşkili, döyüş xidmətinin aparılmasına, şəxsi heyətin peşə və ixtisas hazırlığının artırılması əsas vəzifələr olaraq Daxili Qoşunların Qərargahı tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Bu məqsədlə komandir heyətinə mürəkkəb şəraitdə düzgün, çevik qərar qəbuletmə bacarıqlarının öyrədilməsinə, şəxsi heyətin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılmasına, müxtəlif əməliyyat şəraitlərində silah, xüsusi vasitələr və döyüş texnikasından effektiv istifadə edilməsinə, fiziki hazırlığın yüksəldilməsinə, etibarlı və fasiləsiz rabitə əlaqəsinin yaradılmasına, qoşun xidmətinin təşkilinə və zəruri təminatına xüsusi önəm verilib.

Sonra Baş İdarənin mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qənbərov çıxış edərək, birinci yarımildə Daxili Qoşunların şəxsi heyəti ilə tərbiyə işinin təşkilinin və hərbi intizamın vəziyyətinin qənaətbəxş olduğunu vurğulayıb.

Daha sonra bir neçə hərbi hissələrin komandir və müavinlərinin mövcud vəziyyət, diqqətçəkən nöqsan və çatışmazlıqların yaranma səbəbləri barədə hesabat-çıxışları dinlənilib. Çıxışlar zamanı qeyd olunub ki, ümumilikdə, hərbi hissələr qarşıya qoyulmuş tapşırıqlardan irəli gələn vəzifələri tam həcmdə yerinə yetirib.

Müşavirəyə yekun vuran general-leytenant Ş.Məmmədov ümumilikdə, 2018-ci ilin birinci yarımilində xidməti-döyüş fəaliyyətini qənaətbəxş hesab edərək, növbəti yarımildə də döyüş hazırlığının yüksək səviyyədə saxlamaqla döyüş təliminin keyfiyyətinin artırılması, hərbi intizamın daha da möhkəmləndirilməsi və şəxsi heyətin hərtərəfli təminatı istiqamətində əməli tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Xüsusi olaraq qeyd edilib ki, Daxili Qoşunların şəxsi heyəti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Daxili İşlər Naziri general-polkovnik Ramil Usubovun əmr və göstərişlərini hər an yerinə yetirməyə hazırdır.

Sonda Daxili Qoşunlar Komandanı növbəti yarımildə qarşıda duran vəzifələrlə əlaqədar aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib. O, əldə olunmuş nailiyyətləri qoruyub saxlamaq və davam etdirməklə yanaşı, birinci yarımil ərzində mövcud olmuş nöqsanların öyrənilməsi, yaranma səbəblərinin dərindən araşdırılması, aradan qaldırılması və bir daha təkrarlanmaması üçün qısa müddətdə lazımi tədbirlərin görülməsini tələb edib.