09/08/2018 11:46

Daxili Qoşunların Komandanı hərbi xidmətə yeni qəbul olunmuş çağırışçılarla görüşüb

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların sıralarına yeni xidmətə qəbul olunan çağırışçılarla görüşüb.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Daxili Qoşunların Komandanı onları salamlayaraq, gənclərin hərbi xidmət keçməsinin şərəfli və qürur verici bir vəzifə olduğunu vurğulayıb. O, xüsusi olaraq qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda ordu quruculuğunda əldə edilən möhtəşəm uğurlar cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsinə, ictimaiyyətin Silahlı Qüvvələrə rəğbətinin daha da artmasına, gənclərin hərbi xidmətə böyük həvəslə, ruh yüksəkliyi ilə gəlməsinə öz töhfəsini vermiş olur.

“Bu gün Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunları dövlət başçısının yüksək diqqət və qayğısı ilə əhatə olunub. Şəxsi heyətin xidmət və məişət şəraiti müasir standartlara uyğundur. Valideynlər artıq övladlarını hərbi xidmətə arxayınlıqla yola salır, hərbi hissələrimizdə gördükləri müsbət reallıqlardan məmnunluqlarını bildirirlər”, – deyə Daxili Qoşunların Komandanı vurğulayıb.

General-leytenant Ş.Məmmədov nəzərə çatdırıb ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları fəaliyyət göstərdiyi 26 ildən çox müddətdə həmişə vətənə və dövlətçiliyə sədaqətlə xidmət edib. Respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə, ictimai təhlükəsizliyin qorunması üzrə xüsusi əməliyyatlarda hərbi qulluqçular qəhrəmanlıq nümunələri göstəriblər. Həmçinin Daxili Qoşunların şəxsi heyəti qarşısına qoyulmuş digər mühüm tapşırıqların yerinə yetirilməsində də əzmkarlıq nümayiş etdirib.

Daxili Qoşunların Komandanı bildirib ki, xidməti fəaliyyətdə müsbət ənənələrin qorunub saxlanması, uğurlu nəticələrin davam etdirilməsi üçün şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, mükəmməl döyüş təlimi mühüm rol oynayır: “Hər bir əsgər ləyaqət və məsuliyyətlə xidmət etməyi qarşısına əsas məqsəd qoymalı, komandirlərin öyrətdikləri hərbi biliklərə dərindən yiyələnməli, əsl döyüşçü kimi formalaşmalıdır”.

Hərbi hissədə olarkən general-leytenant Ş.Məmmədov şəxsi heyətin xidmət və məişət şəraiti, təlim-tərbiyə prosesinin təşkili ilə yaxından maraqlanıb, hərbi hissənin komandanlığına müvafiq tapşırıqlar verib.