17/09/2019 15:36

Daxili Qoşunların komandanı Pakistanın Azərbaycandakı hərbi attaşesini qəbul edib

Sentyabrın 17-də Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində Pakistanın Azərbaycandakı hərbi attaşesi polkovnik Nadem Yaqub Çodrini qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

General-leytenant Ş.Məmmədov Azərbaycan və Pakistan arasındakı münasibətlərin dərin tarixi köklərə malik olduğunu bildirərək, qardaş Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu diqqətə çatdırıb. O, hazırda iki ölkə arasında mövcud olan çoxşaxəli əlaqələrin yüksək inkişafını vurğulayaraq, Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq münasibətlərinin də uğurla inkişaf etməsindən danışıb.

Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlığın mövcudluğunu müsbət hal kimi qiymətləndirən Daxili Qoşunların komandanı, Pakistanın hərbi attaşeliyi ilə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında son illərdə yaranmış qarşılıqlı əməkdaşlıq münasibətlərinin bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə əminliyini ifadə edib.

Polkovnik N.Y.Çodri ikitərəfli münasibətlərin ölkələrin gələcək inkişafına böyük təkan verəcəyini vurğulayıb. Qonaq, öz növbəsində, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Pakistanın bir sıra qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün lazımi dəstək verəcəyini bildirib.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə qeyd olunub ki, iki ölkənin müvafiq qurumları arasında səmimi dostluq və hərbi əməkdaşlıq bundan sonra da uğurla davam edəcək.

Görüşün sonunda xatirə şəkli çəkdirilib.