27/05/2019 14:29

Daxili Qoşunların Komandanı Türkiyədə səfərdə olub

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-dən 25-dək Türkiyədə rəsmi səfərdə olub.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Səfərin ilk günü nümayəndə heyəti Türkiyə Respublikasının Jandarma Baş Komandanı Ordu generalı Arif Çetin ilə görüşüb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ordu generalı A.Çetin iki ölkənin müvafiq qurumları arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

General-leytenant Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Türkiyəyə rəsmi səfər etməsindən məmnunluğunu ifadə edib.

Nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Daxili İşlər Nazirinin müavini Muhterem İnce, Jandarma və Sahil Təhlükəsizlik Akademiyasının rəisi general-leytenant Hüseyin Kurtoğlu ilə görüşüb, həmçinin, Jandarma Baş Komandanlığında Əməliyyatların idarə edilməsi Mərkəzi ilə tanış olub.

Səfər çərçivəsində Jandarma Özəl Asayiş Komandanlığında nümayəndə heyətinə ictimai asayişin qrup şəklində pozulması, kütləvi iğtişaşların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə göstərici məşğələlər nümayiş etdirilib. Bununla yanaşı, nümayəndə heyəti Türkiyə Jandarma Qüvvələrində təlim-tədrisin təşkili və bütün növ maddi-texniki təminat məsələləri ilə də yaxından tanış olub.