28/01/2016 18:34

Daxili Qoşunların Komandanı Türkiyənin Azərbaycandakı hərbi attaşesini qəbul edib

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov Türkiyənin Azərbaycandakı Silahlı Qüvvələr attaşesi və Hərbi İş Birliyi üzrə Koordinasiya Qərargahının rəisi general-mayor İhsan Başbozkurtu qəbul edib.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Qonağı səmimi salamlayan general-leytenant Ş.Məmmədov Türkiyə ilə Azərbaycan arasındakı sıx əlaqələrdən söz açaraq, bu münasibətlərin hərbi sahədə də yüksək səviyyədə davam etdirildiyini bildirib.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci il oktyabrın 31-də Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında imzalanmış Protokoldan danışan general-leytenant Ş.Məmmədov DİN-in Daxili Qoşunları ilə Jandarma Baş Komandanlığı arasındakı sıx münasibətlərin günü-gündən dərinləşdiyini vurğulayıb. O, qardaş Türkiyə Jandarma Baş Komandanlığının zabitlərinin Daxili Qoşunlarda təlim-tədris sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

General-mayor İ.Başbozkurt öz növbəsində iki qurum arasında mövcud olan işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. O, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsi zəminində keçən görüşdə hərbi attaşe Türkiyə Jandarma Baş Komandanlığının zabitlərinə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidməti fəaliyyətləri müddətində göstərilən xüsusi diqqət və qayğıya görə Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubova və Daxili Qoşunlar Komandanlığına dərin minnətdarlığını bildirib.

Görüşün sonunda türkiyəli qonağa DİN-in Daxili Qoşunlarının emblemini əks etdirən hədiyyə təqdim edilib və xatirə şəkli çəkdirilib.