05/02/2014 08:14

Daxili Qoşunların komandanı Türkiyəyə səfər edib – FOTO

Daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edib. Bu barədə “AzeriDefence”yə DİN Daxili Qoşunlarının mətbuat xidmətindən məlumat verilib.

Səfərin birinci günü nümayəndə heyəti “Anıtkabir”i ziyarət edərək, Atatürk movzeleyinə gül çələngi qoyub.

Həmin gün Şahin Məmmədov Türkiyə Jandarma Baş Komandanı Ordu generalı Servet Yörük ilə görüşüb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ordu generalı S.Yörük Daxili Qoşunların komandanı general-mayor Ş.Məmmədovu səmimi salamlayaraq, onu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib.

General S. Yörük Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Silahlı Qüvvələri və Jandarma Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

General-mayor Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Türkiyəyə rəsmi səfər etməsindən məmnunluğunu ifadə edib.

Fevralın 6-dək davam edəcək səfər çərçivəsində general-mayor Ş.Məmmədov və nümayəndə heyəti Hərbi Akademiyalar Komandanı ordu generalı Yalçın Ataman, Jandarma təlim komandanı general-polkovnik İbrahim Yaşar, Jandarma məktəblər komandanı general-leytenant Ali Lapanta, Ankara Jandarma Bölgə Komandanı general-mayor Musa Çitil və digər vəzifəli şəxslərlə görüşəcək.

Səfər proqramına uyğun olaraq, Daxili Qoşunların nümayəndə heyəti Jandarma Praktiki Təlim Mərkəzində və Jandarma Özəl Asayiş Komandanlığında müxtəlif mövzularda göstərici məşğələni izləyəcək.

General-mayor Ş.Məmmədov İstanbul şəhərində yerləşən Hərbi Akademiyada təhsil alan azərbaycanlı zabitlərlə də görüşəcək.

Nümayəndə heyəti həmçinin, Jandarmanın və Türkiyənin tarixini əks etdirən muzeylərdə olacaqlar.