25/12/2018 10:41

Daxili Qoşunların Komandanı veteranlarla görüşüb

Dekabrın 22-də 25031 saylı hərbi hissədə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun qoşunların veteranları ilə növbəti görüşü olub.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Daxili Qoşunların Komandanı veteranları salamlayaraq, hər belə görüşdən məmnunluğunu ifadə edib. Bildirib ki, Silahlı Qüvvələr veteranı vəsiqələrinin təqdim olunması ilə yanaşı, Veteranlar Şurasının geniş tərkibdə görüş keçirilməsi təşəbbüsünü də dəstəkləyib. O, Silahlı Qüvvələr veteranı vəsiqələrinin təqdim olunmasının davam etdirildiyini nəzərə çatdırıb. Daxili Qoşunlarda bu işin öncül olaraq və çevik reallaşdırıldığını, ehtiyatda olan hərbi qulluqçuları da əhatə etdiyini xüsusi vurğulayıb.

Sonra general-leytenant Ş.Məmmədov əmrlə müəyyən olunmuş qaydada Silahlı Qüvvələr veteranı vəsiqələrini təqdim edib. O, vəsiqələr verilən veteranları təbrik edərək, onlara xoş arzularını bildirib. Qeyd edib ki, Silahlı Qüvvələr veteranı, ümumilikdə, veteran adını daşımaq böyük şərəfdir. Veteranlar Respublika Prezidenti İlham Əliyevin diqqət və qayğısını həmişə hiss edir, bundan fərəhlənirlər. Daxili İşlər Naziri general-polkovnik Ramil Usubov da veteranlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlayır.

Ümumilikdə, veteranlarımız cəmiyyətimizin hörmətli və nüfuzlu üzvləridirlər.
Bu gün şəxsi heyətin qarşısına qoyulan bütün tapşırıqlar əzmlə yerinə yetirilir, hərbi qulluqçularımızın vətənpərvərliyi və peşəkarlığı yüksək səviyyədədir, onlar üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.

Hərbi hissələrdə mənəvi-psixoloji durum qənaətbəxşdir, nizam-intizamın qorunub saxlanılması və möhkəmləndirilməsinə ciddi fikir verilir. Şəxsi heyətlə tərbiyə işində veteranların da iştirakı təmin olunur. Bunu yüksək qiymətləndirdiyini deyən general-leytenant Ş.Məmmədov, hərbi hissələrin komandanlıqlarına veteranların bilik və təcrübəsindən səmərəli istifadə olunması ilə bağlı tapşırıq verdiyini, hərbi hissələrlə veteranların əlaqələrinin qorunub saxlanılması və inkişaf etdirilməsinin vacibliyini nəzərə çatdırıb.
General-leytenant Ş.Məmmədov öz çıxışında qoşunların həyatı ilə bağlı bir sıra məqamlara da toxundu, ayrı-ayrı xidmət sahələri üzrə mövcud nailiyyətlər və qarşıya çıxan müəyyən çətinliklər barədə danışıb.

Daxili Qoşunların Komandanı Daxili Qoşunların Ali Hərbi Məktəbinin fəaliyyətinin təkmilləşdirilməsi yönündə görülən işlər barədə də veteranlara məlumat verib. Ali Hərbi Məktəbdə öz təyinatına uyğun olaraq, yeni ixtisasın tətbiq edildiyini bildirib. Bu yeniliklərin zabitlərin hazırlanmasında nə kimi rol oynayacağına dair fikirlərini bölüşüb.
Daha sonra general-leytenant Ş.Məmmədov veteranların müraciətlərini dinlədi və veteranlar tərəfindən qaldırılan məsələlər barədə aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.
Daxili Qoşunların Veteranlar Şurasının sədri Çingiz Daşdəmirov belə bir görüşün keçirilməsinə görə veteranlar adından Daxili Qoşunların Komandanına minnətdarlığını bildirib.

Daxili Qoşunların Komandanı görüşə yekun vuraraq, veteranların ictimai fəaliyyəti, sosial qayğıları, aktual müraciətləri ilə bağlı vacib məsələlərə aydınlıq gətirildiyini bildirib. Belə görüşlərin davamlı olaraq keçiriləcəyinə diqqət çəkib.
O, veteranlara vaxt tapıb görüşə gəldiklərinə görə təşəkkür edib. Onları qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edərək, ailə xoşbəxtliyi, cansağlığı və işlərində uğurlar arzulayıb.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.