12/03/2019 14:10

Daxili Qoşunların yaranmasının 27-ci ildönümü qeyd olunub

Martın 12-də Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 27 il ötür.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bu münasibətlə Daxili Qoşunların komandanlığı və bir qrup hərbi qulluqçusu Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra Daxili Qoşunların Baş İdarəsində əlamətdar hadisə-növbəti ildönümə həsr olunmuş mərasim keçirilib. Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Daxili işlər nazirinin müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov qurumun yaranması, inkişafı və bugünü barədə geniş məruzə ilə çıxış edib. Bildirilib ki, Milli Lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli fərmanı ilə Qoşunların torpaqların müdafiəsi məqsədilə döyüşə başladığı ilk gün – 1992-ci ilin 12 mart tarixi “Azərbaycan Respublikasının Daxili Qoşunları Günü” elan olunub.

Daxili Qoşunların tarixinin parlaq hadisələrlə zəngin və Vətənin yeni tarixi ilə sıx bağlı olduğunu diqqətə çatdıran nazir müavini xalqa və dövlətə sədaqətlə xidmət edən Qoşunların hərbi qulluqçularının polis orqanlarının əməkdaşları ilə birgə qarşıya qoyulmuş tapşırıqları hər zaman layiqincə yerinə yetirdiklərini vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 672 hərbi qulluqçusunun şəhid olduğunu,  1173 nəfərin yaralandığını, 9-nun itkin düşdüyünü və hərbi qulluqçulardan 9 nəfərinin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü qeyd edib.

Məruzəçi bildirib ki, 1994-cü ildən başlayaraq Daxili Qoşunlarda idarəetmənin təkmilləşdirilməsi, döyüş və peşə hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi, normativ-hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər həyata keçirilib.

Planlı şəkildə aparılan müvafiq işin nəticəsi olaraq, komandirlərin və idarəetmə orqanlarının fəaliyyətinin effektivliyi, hərbi hissələrin döyüş qabiliyyəti, əsgər və zabitlərin vətənpərvərlik ruhu daha da yüksəlib, mənəvi-psixoloji durumu əhəmiyyətli dərəcədə möhkəmlənib.

Sonra çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov Daxili Qoşunların yaranmasının 27-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Ramil Usubov dövlət başçısının diqqət və qayğısı sayəsində Daxili Qoşunların qarşıya qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə qadir olan peşəkar birləşməyə, sabitliyin təminatçılarından və dövlətçiliyin dayaqlarından birinə çevrildiyini, maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması, müasir silah, texnika, xüsusi vasitələrlə təchizatı üçün məqsədyönlü tədbirlər həyata keçirildiyini, hərbi hissələrin ən yüksək beynəlxalq standartlara uyğun olan texnika, xüsusi vasitələr və rabitə sistemləri ilə təchiz edildiyini bildirib.

Qeyd olunub ki, ölkədə cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və hüquq qaydasının qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında şəxsi heyətin özünəməxsus rolu vardır.

Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarların, Prezidentin 7 mart 2019-cu il tarixli müvafiq sərəncamları ilə daha 16 hərbi qulluqçunun dövlət mükafatları ilə təltif olunmasının, iki nəfərə isə ali zabit rütbəsinin verilməsinin, bayram ərəfəsində hərbi qulluqçuların maaşlarının artırılmasının şəxsi heyət tərəfindən minnətdarlıqla və ruh yüksəkliyi ilə qarşılandığını vurğulayan nazir onu da qeyd edib ki, ölkə rəhbərinin Daxili Qoşunların müxtəlif tədbirlərində iştirakı, eləcə də Qoşunların xidmətinə verdiyi yüksək qiymət, haqqında söylədiyi dəyərli fikirlər, tövsiyələr hər zaman fəaliyyət proqramı kimi qəbul olunmaqla şəxsi heyəti daha böyük uğurlara ruhlandırır.

O da nəzərə çatdırılıb ki, Daxili Qoşunlar 1997-ci ildən Türkiyənin Jandarma Qüvvələri Baş Komandanlığı ilə sıx əməkdaşlıq edir. Nazir R.Usubov əldə edilmiş uğurlarda danılmaz roluna, təmənnasız yardımlarına görə dost və qardaş dövlətin Jandarma Qüvvələri Baş Komandanlığının rəhbərliyinə, hərbi mütəxəssislərinə təşəkkürünü bildirib.

General-polkovnik Ramil Usubov ölkə Prezidentini əmin edib ki, Daxili Qoşunların bütün şəxsi heyəti bundan sonra da respublikada asayişin, daxili təhlükəsizliyin, vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarığını əsirgəməyəcək.

Daxili Qoşunların yaranmasının 27-ci ildönümü ilə əlaqədar bir qrup hərbi qulluqçunun təltif edilməsi haqqında ölkə başçısının sərəncamları, daxili işlər nazirinin və nazir müavini-Daxili Qoşunların komandanının imzaladıqları əmrlər elan olunduqdan sonra xidmətdə fərqlənənlərə dövlət təltifləri təqdim edilib. Tədbirin sonunda mərasim iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.