05/08/2019 17:35

“Dəniz kuboku-2019” yarışları ilə bağlı mətbuat konfransı keçirilib

“Beynəlxalq Ordu Oyunları-2019” çərçivəsində Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq yarışlarının başlanması ilə əlaqədar avqustun 5-də mətbuat konfransı keçirilib.

“AzeriDefence”nin məlumatına görə, mətbuat konfransında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlər iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, birinci dərəcəli kapitan Sübhan Bəkirov bildirib ki, Bakıda keçiriləcək “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsində yarışlara qatılacaq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri və şəxsi heyəti tam hazır vəziyyətdədir.

“Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə keçirilməsi üçün Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hər cür şərait yaradılıb. Beynəlxalq ordu oyunları çərçivəsində Bakıda keçirilən “Dəniz kuboku” yarışının əsas məqsədi Xəzəryanı ölkələr arasında dostluq və sülhün möhkəmləndirilməsidir. Azərbaycanda bu yarışlara maraq ildən-ilə artır. Üç mərhələdə təşkil olunacaq yarışda Rusiya, Azərbaycan, Qazaxıstan və İran nümayəndə heyətləri iştirak edir”, – deyə S. Bəkirov vurğulayıb.

Bildirilib ki, “Dəniz kuboku-2019” müsabiqəsində iştirak etmək üçün Bakıya gəlmiş Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının, İran Hərbi Dəniz Qüvvələrinin və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin hərbi gəmilərinin heyətləri yarışlara hazırdır.

Müsabiqə zamanı hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” üzrə mərhələlərdə güclərini sınayaraq ən yaxşı heyətləri müəyyən edəcəklər.

“Dəniz kuboku – 2019” müsabiqəsində müşahidəçi qismində Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Rusiya Hərbi Dəniz Donanmasının komandasının “Dəniz Kuboku–2019” yarışlarına tam hazır olduğunu deyən Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Yekimov bildirib ki, oyunlar ən yüksək səviyyədə təşkil olunub. S. Yekimov qeyd edib ki, dəniz kuboku hər zaman qarşılıqlı anlaşma və dostluq ruhu ilə fərqlənib. “Dəniz kuboku-2019” yarışlarına heyətin kiçik artilleriya gəmiləri ilə qatıldığını deyən S. Yekimov Rusiyanın bu oyuna həmişə böyük önəm verdiyini vurğulayıb.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov da Bakıda keçirilən “Dəniz kuboku-2019” yarışının yüksək səviyədə olduğunu deyib. K. Niyazbekov bu yarışlarada Qazaxıstanda istehsal olunan yeni gəmilər ilə iştirak etdiklərini bildirib.

İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Hüseyn Həsəni bu yarışda yenidən iştirak etməkdən məmnun olduqlarını deyib. H.Həsəni hərbi sahədə əlaqələr ictimai, siyasi, mədəni sahələrdəki əlaqələrə də müsbət təsir edəcəyinə ümidvar olduğunu bildirib.