18/10/2016 19:15

Dəqiq cihazqayırmada “Cihaz” imzası – MÜSAHİBƏ

Baş direktor: Yeni minaya qarşı qorumalı maşınların (MRAP) istehsalına başlayırıq

AZERI DEFENCE jurnalının suallarını MSN-nin “Cihaz” İstehsalat Birliyinin baş direktoru Fəllah Quliyev cavablandırır

– Fəllah müəllim, “Cihaz” İB-nin müəssisələri hələ keçmiş SSRİ hərbi sənayesində özünəməxsus yer tutub. Birliyin müəssisələrinin bu günkü fəaliyyəti və istehsal imkanları barədə məlumat verməyinizi xahiş edirik.

– “Cihaz” İB MSN-in geniş profilli strukturlarındandır. Hal-hazırda birliyin tabeliyində dörd müəssisə – “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi, Elektron Hesablayıcı Maşınlar Zavodu, Peyk zavodu və Şərur Radio Zavodu fəaliyyət göstərir. Müəssisələrimiz cihazqayırma, maşınqayırma və elektronika sahəsində ixtisaslaşıblar. Müəssisələrimizdə TƏQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı, 60 mm və 82 mm çaplı minaatanlar, müxtəlif növ döyüş sursatları və digər silah sistemləri istehsal edilir.

Maşın istehsalı sahəsində hazırda CAR-ın “Paramount Group”şirkəti ilə iki növ – “Matador” və “Marauder” tipli minaya davamlı zirehli maşınların istehsalı layihəmiz mövcuddur. Bir neçə mərhələdən ibarət bu layihə çərçivəsində Silahlı Qüvvələrə 45 maşın təhvil vermişik. Hal-hazırda maşınların istehsal prosesi davam edir və ilin sonuna qədər bu maşınların növbəti partiyası sifarişçiyə təhvil veriləcəkdir.

WhatsApp Image 2016-08-25 at 16.37.08

“İldırım MLS” MRAP

Qeyd etmək istəyirəm ki, “Matador” və “Marauder” tipli maşınlar Azərbaycanın yerli şəraitinə tam uyğunlaşdırılıb. Bunun üçün maşınların transmissiya hissəsinə dəyişikliklər edilib.

Bununla bərabər yeni istiqamətlərin də axtarışındayıq. CAR-ın bir şirkəti ilə iki növ maşının  birgə istehsalını razılaşdırmışıq. Çalışırıq ki ilk nümunələri ADEX-2016 sərgisində nümayiş etdirək. Maşınların hazırlanması prosesində zirehli lövhələrin kəsilməsi, əyilməsi və digər işlər Azərbaycanda həyata keçiriləcək. CAR-dan mühərrik, ötürücü qutular və müəyyən hissələr gətiriləcəkdir. Maşınlardan biri yüngül zirehli, digəri minaya davamlı maşın olacaqdır. Qeyd etmək istəyirəm ki, hazırda regionda Gürcüstan da belə avtomobillər istehsal edir. Amma bizim maşınlar manevr imkanlarına və qoruma səviyyəsinə görə, Gürcüstanın “Didgori” maşınlarından üstün olacaqdır.

Biz maşınlarla bərabər onların silahlandırılması üçün xüsusi qüllənin yaradılması üzərində çalışırıq. Bu işə CAR-ın EWT şirkəti ilə başladıq. İndiyədək üç kalibrdə  –  7.62 mm, 14.5 mm və 20 mm-lik silahlar üçün qüllələr hazırladıq. İlkin sınaqlar aparıldıqdan sonra həmin qüllələr əhəmiyyətli şəkildə təkmilləşdirildi. Hal-hazırda 14.5 mm çaplı pulemyotla silahlandırılmış yeni bir qülləmiz hazırdır. Həmin qüllənin poliqon sınaqlarına başlamışıq.

– Yeni silah qülləsinin özəllikləri barədə məlumat verə bilərsinizmi?

_MRS4922

Fəllah Quliyev

– Əslində biz universal platformalı qüllənin yaradılmasını nəzərdə tutmuşuq. Qüllənin silah bərkidilən yatağını və idarəetmə sisteminin proqram təminatını dəyişlməklə üzərində 12.7 mm / 14,5 mm çaplı iriçaplı pulemyotun və ya 20 mm / 23 mm çaplı kiçik çaplı avtomatik topun quraşdırılması mümkün olacaqdır. Qüllədə ikinci silah vasitəsində 7.62 mm PKT tipli pulemyot quraşdırılır. Döyüş dəsti 7.62 mm çaplı PKT pulemyotu üçün 500, 14.5 mm çaplı KPVT pulemyotu üçün 300 patron olacaq. Yeni qülləni ADEX-16 sərgisində BTR-70 tipli zirehli transportyorun üzərində nümayiş etdirməyi düşünürük.

– “Cihaz” İB-nin ixrac imkanları barədə danışaq. 2015-ci ildə Türkiyəyə TƏQ-7V2 qumbaraatanlarının ixracını həyata keçirdiniz. Eyni zamanda Rusiyaya ixraclarınız olur. Yeni sifarişlər varmı?

– “Cihaz” İB MSN-in ixracatında ön yerdə dayanır. Xarici siifarişlərlə əlaqədar ixrac imkanlarımız getdikcə artır. Birliyimizə daxil olan “Sənayecihaz” Elmi İstehsalat Müəssisəsi ənənəvi olaraq Rusiyanın HDQ-nin gəmiləri üçün müxtəlif sistemlərin istehsalını həyata keçirir. Hal-hazırda Rusiya və Ukrayna arasında münasibətlərin dəyişməsi ilə bağlı bu sahədə bizim üçün yeni imkanlar açılmışdır. Bununla bağlı Rusiyadan yeni cihazların hazırlanması üçün sifarişlər almışıq. Bu yaxınlarda Rusiya Birləşmiş Gəmiqayırma Korporasiyasının dəvəti ilə Rusiyada oldum. Görüşlər zamanı əldə edilmiş razılığa əsasən yeni məhsulların istehsalının mənimsənilməsinə başlamışıq. Son zamanlar Rusiyanın HDQ-də orta ölçülü gəmilərin təmirinin başlanması ilə əlaqədar bizim sifarişlərimiz də xeyli artıb. Hazırda qarşımızda duran vacib məsələlərdən biri də həmin cihazların təkmilləşdirilməsidir.

Müəssisə 1956-cı ildən fəaliyyət göstərir və dəqiq cihazqayırma üzrə ixtisaslaşıb. Müxtəlif növ dozatorların, sərfölçənlərin istehsalı sahəsində böyük təcrübəyə malikdir və bu ənənə davam edir. Bir məsələni qeyd edim, “Sənayecihaz” EİM-də mövcud olan metrologiya stansiyasının qurulmasında keçmiş SSRİ-də mövcud olan 152 təşkilat iştirak edib. Bu gün o təşkilatların çoxu mövcud deyil və belə bir metroloji stansiyanı yaratmaq böyük investisiyalar tələb edir. Hazırda “Sənayecihaz” EİM müxtəlif maye, o cümlədən aqressiv mayelər üçün sərfin və təzyiqin geniş diapazonunda sərfölçənlər, sayğaclar, dozatorlar və siqnalizatorlar layihələndirir və istehsal edir. Bu cihazlar neft sənayesi, mülki və hərbi gəmiqayırma, aviasiya və raket texnikası, kommunal təsərrüfat, atom-elektrik stansiyaları və istilik elektrik mərkəzlərində tətbiq olunur.

Bu gün müəssisələrimiz Rusiyanın tək gəmiqayırma sənayesi üçün deyil, eyni zamanda kosmik sənayessi üçün bəzi cihazların istehsalını həyata keçirir.

“Sənayecihaz”ın cari ilin sonu 2017-ci ilin ilk rübü üçün ixracının daha da geniş olacağını düşünürük. Digər tərəfdən EHM zavodunda istehsal edilən qumbaraatan və minaatanların ixracını həyata keçiririk. Bir sıra Afrika ölkələrinə böyük ixracımız olub. Hazırda digər bir neçə ölkə ilə ixrac müqaviləsinin bağlanması ərəfəsindəyik. Qeyd edim ki, bu gün istehsal potensialımızın 70-80 faizini ixraca yönəldirik.

Qeyd etdiyiniz kimi 2015-ci ildə Türkiyənin Əmniyyət Baş İdarəsinə TƏQ-7V2 tipli qumbara-atanlarının satışını həyata keçirdik. Bundan sonrakı müddətdə 8-10 ölkəyə qumbaraatanların və minaatanların satışını reallaşdırmışıq.

rpq`

Xüsusi təyinatlılar Azərbaycan istehsalı olan RPQ-7V2 qumbaraatanı ilə

Hal-hazırda müəssisəmizdə yeni növ 60 mm çaplı uzaq mənzilli minaatanın və onun döyüş sursatınınn yaradılması başa çatır. Minaatanın seriyalı istehsalının 2017-ci ildə başlanımasını planlaşdırırıq.

– “Peyk” zavodunun istehsal etdiyi elektron çap lövhələrinin ixracı sahəsində hansı imkanlar var?

– “Peyk” zavodu elektron çap lövhələrinin istehsalı üzrə SSRİ dönəmində ixtisaslaşıb. Böyük potensiallı zavod idi. Bir vaxtlar dünyanın müxtəlif ölkələrinə adıçəkilən məhsulları ixrac etmişik. SSRİ dağlıandan sonra müştərilərimizi itirdik. Hazırda Belarus və Türkiyəyə bu məhsulun ixracını həyata keçirməkdəyik. Bu ixracı artırmaq üçün Belarusun iki şirkəti ilə danışıqlar aparırıq.

– İki il əvvəl “Cihaz” İB Banqladeşdə tankların modernləşdirilməsi tenderinə də qatılmışdı. Bu beynəlxalq tenderin sonucu necə oldu?

– Banqladeş Silahlı Qüvvələrinin zirehli tank birləşmələri üçün T-54, Tip-59, Tip-69 və Tip-62 tipli tankların təkmilləşdirilməsi üçün elan etdiyi tenderə Çexiyanın bir şirkəti ilə birgə qatılmışdıq. Tenderdə biz Pakistanın HİT, Çinin NORİNCO şirkəti ilə mübarizə apararaq ən uyğun kommersiya təklifi verdik. Tenderin son mərhələsində bizim müəssisə Çinin NORİNCO şirkəti ilə mübarizə apardı. Bizim qiymətlər Çinin qiymətlərindən ucuz olsa da tenderdə qalib Çin şirkəti elan edildi. Buna baxmayaraq layihələrimizi davam etdiririk. “Aqreqat” İstehsalat Birliyi ilə Türkiyə Ordusunun istifadəsində olan BTR-lərin təkmilləşdirilməsi layihəsinə qatılmaq istəyirik. Eyni zamanda Türkiyə Jandarma Qüvvələri üçün minaya qarşı davamlı maşınların satın alınmasına dair tenderində iştirakı üçün sənədləri vermişik.

– “Cihaz” İB-i logistik sistemlərin istehsalı sahəsində də bəzi layihələr reallaşdırdığı məlumdur. Bu layihələriniz barədə məlumat verə bilərsinizmi?

– Ordunun arxa cəbhə avadanlıqları ilə təchizatı sahəsində geniş iş aparırıq. 10-nəfərdən tutmuş 400 nəfərə qədər tutumu olmaqla, müxtəlif yanacaqla işləyən 20 növ səyyar mətbəx istehsal edirik. Habelə saatda 10 ton zəhərli suyu təmizləyən sutəmizləyici qurğuları, səyyar sanitar qovşaqlarını, səyyar çörək zavodlarını istehsal edərək ordumuza təhvil vermişik. Bu avadanlıqlarımız FHN, Ədliyyə Nazirliyi, DSX və Daxili Qoşunlarda istifadə olunur. Hazırda Konqo ilə 10 ədəd səyyar mətbəxin ixracına dair danışıqlar aparırıq.

Müəssisəmiz poliqonlar üçün elektron hədəflərin istehsalını həyata keçirir. Daxili Qoşunların poliqonunda bu sistemlər qurulub və bir ildir ki nöqsansız istifadə edilir. Digər hədəf sistemlərini DSX üçün qururuq. Hədəf sistemlərində ordumuzun təlimlərindəki bütün məsələləri həll etməyə çalışmışıq. Proqram təminatı hər bir şəxs üçün arxivləşdirilir və istənilən zaman informasiyalar çıxarılmaqla bütün nəticələr təhlil oluna bilir.

– Dəqiq cihazqayırma sahəsində planlarınız nələrdir? Hansı ki “Sənayecihaz” dövründə bu sahədə aparıcı müəssisələrdən olub.

– Hal-hazırda “Sənayecihaz” zavodunda istehsal etdiyimiz cihazlar öz dəqiqliyinə görə bu sahədə olan aparıcı müəssisələrdən biridir. Qeyd etdiyim kimi, Rusiyanın müxtəlif növ gəmilərində tətbiq edilən siqnalizatorları, sərfölçənləri və dozatorları bizim müəssisə istehsal edir. Cihazlar gəmilərdə quraşdırıldıqdan sonra mütəxəssislərimiz bütün sınaqlarda iştirak edirlər. Beynəlxalq sertifikatlarımız var. Bu yaxınlarda Rusiyanın Kosmik Qüvvələri üçün yeni sərfölçənlərin nümunələrini hazırlayıb sifarişçiyə təqdim etmişiq. Hal-hazırda sifarişçi tərəfindən bu cihazların sınaqları keçirilir. Fəxrlə deyə bilərəm ki “Sənayecihaz”da dəqiq cihazqayırma ən yüksək səviyyədədir və bu sahədə bizim mütəxəssislərimiz öz potensiallarından yetərincə istifadə edilrlər. Düşünürəm ki yaxın gələcəkdə yeni məhsulların yaradılması sahəsində mütəxəssislərimiz böyük nailiyyətlər əldə edəcək.

– Gələcək planlarınız barədə nələri deyə bilərsiniz?

– Dövlət yaradılma proqramına uyğun olaraq müəssisələrimizdə müxtəlif layihələr üzrə işlər aparılır. Nazirlik tərəfindən müyən tapşırıqlar verilir və onları yerinə yetirməyə çalışırıq. Eyni zamanda müəssiələrimizin öz təşəbbüsü ilə yeni növ məhsullar yaradılır. Hazırda Rusiyanın sifarişi üzrə 6 cihaz üzərində işləyirik. Silah və döyüş sursatlarının yaradılması ilə bağlı bu il ərzində 4 adda məmulatı sınaqlara təqdim edəcəyik.