31/01/2017 11:38

Dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə tədbirlər planı imzalanıb

Azərbaycan Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında dini radikalizmlə mübarizənin səmərəliliyinin artırılması məqsədilə 2017-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sənədə əsasən, keçiriləcək tədbirlərin yeri, icra vaxtı, icraya məsul qurumlar və şəxslər müəyyən edilib.

İl ərzində Müdafiə Nazirliyinin tabeliyində olan idarələrdə, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil ediləcək görüşlərdə azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq və digər mövzularda tədbirlər keçiriləcək.

Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçuların, tarixçilərin, elm xadimlərinin və ilahiyyatçı alimlərin iştirakı ilə “dəyirmi masa”ların təşkili də nəzərdə tutulub.