18/05/2016 14:46

Dördgünlük döyüşlər yerli hərbi sənaye üçün yol açdı – EKSPERT RƏYLƏRİ

Dünyanın harasında baş verməsindən asılı olmayaraq hərbi əməliyyatlar müdafiə sənayesinin inkişafına təkan verir və ona yol açır. Elə Azərbaycanın yerləşdiyi coğrafiyada son 40 ildə baş verənlərə nəzər saldıqda bunu görə bilərik. Türkiyə 1974-cü ildə Şimali Kiprdə baş verən müharibədən sonra hətta NATO-dakı müttəfiqlərinin silah embarqosuna məruz qaldı. Bu da öz növbəsində rəsmi Ankaranı milli müdafiə sənayesinə diqqət ayrımağa vadar elədi. Eləcə də 7 il öncə – 2008-ci ildə Rusiya ilə müharibədən sonra qonşu Gürcüstan eyni taleyi yaşamağa məcbur oldu.

Moskvanın təzyiqləri ilə 2000-ci illərin əvvəllərində Gürcüstana külli miqdarda silah və texnika satışı reallaşdıran ölkələr müharibədən itkilərlə ayrılmış Tiflisə hərbi texnika satışından imtina elədilər. Çıxılmaz vəziyyətdən xilas olmaq üçün Gürcüstan özünün milli hərbi sənaye kompleksini yenidən qurmağa başladı. Artıq qısa müddətdə rəsmi Tiflis öz ordusunu yerli məhsullarla təmin etməklə bərabər müxtəlif ölkələrə hərbi texnikaların və silah sistemlərinin ixracını da gerçəkləşdirməkdədir.

rpq`

Azərbaycan xüsusi təyinatlıları MSN müəssisələrində istehsal edilmiş RPQ-7V2 qumbaraatanı ilə

Ermənistan və Azərbaycan Silahlı Qüvvələri arasında aprelin əvvəlində baş verən 4 günlük döyüşlərdə xaricdən alınan silahlarla yanaşı yerli hərbi sənayenin istehsalı olan silah və sursatlardan da geniş istifadə olunub. Təbii ki, böyük həcmdə istehlak edilmiş silah və sursatların yeri doldurulmalıdır. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir. Ölkəmizin hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir. Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.

Müdafiə sənayesi naziri Yavər Camalov isə ANS telekanalına müsahibəsində bildirib ki, son illər Azərbaycanda müdafiə sənayesi uğurla inkişaf edib, buraxılan hərbi təyinatlı məhsulların çeşidi artıb, ordunun ən müasir silah növləri ilə təchiz edilməsi üçün zəruri addımlar atılıb. Hazırda yeni silahların, snayper tüfənglərin və zərbə PUA-ların yaradılması və istehsalı üzərində işlər aparılır. Yaxın aylarda ilk zərbə PUA-nın qoşun testlərinə başlanacaq.

aeronautics-Orbiter-2

Azərbaycan MSN-in İsrailin “Aeronautics” şirkəti ilə birgə istehsal etdiyi “Orbiter-2M” PUA

Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov isə “Azeri Defence”  jurnalına müsahibəsində yerli hərbi sənaye üçün yaranan imkanlara toxunub. General bildirib ki, bu gün Azərbaycan hərbi sənayesinin artilleriya sistemləri üçün döyüş sursatları istehsalına başlamasının vaxtıdır: “Orduda ən çox istehlak edilən döyüş sursatlarıdır. O yerli istehsal hesabına qarşılanarsa, xaricdən asılılıq da aradan qalxmış olar. Düşünürəm ki, getdikcə MSN bu sahədə layihələr reallaşdıraraq bizim tələblərimizi qarşılayacaq”.

Dördgünlük döyüşlər yerli hərbi sənayeyə hansı imkanlar açdı? “AzəriDefence”nin bununla bağlı müraciət etdiyi hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasındakı 4 günlük müharibədə çox məqamlar üzə çıxıb: “Müsbət məqamlarla yanaşı, təəssüf ki, düşündürücü məqamlar da oldu. Onların üzərində hal-hazırda Müdafiə və Müdafiə Sənayesi Nazirliklərinin əməkdaşları çalışırlar. Mən o məqamlar üzərində dayanmıram ki, düşmənlər sui-istifadə etməsinlər”.

uzeyir ceferov

Üzeyir Cəfərov / hərbi ekspert

Azərbaycanın silah və mərmi çatışmamazlığı barədə heç bir sıxıntısının olmadığını vurğulayan Ü. Cəfərov bildirib ki, Müdafiə Nazirliyinin saytında yayımlanmış sursat bazasının video görüntüləri buna sübutdur. Ekspertin sözlərinə görə, bu gün Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Ordusunun tələbatının müəyyən hissəsini ödəyir: “Demək olar ki, Azərbaycanın xarici ölkələrdən asıllığı xeyli miqdarı azalıb. Bu yaxınlarda nazir Yavər Camalov çıxış edərək düşmənin ön cəbhədə arxa mövqelərində olan sahələrinə kəşfiyyat aparmaqla yanaşı canlı qüvvəsini və texnikasını sıradan çıxarmaq imkanına malik olan pilotsuz uçuş aparatının hazırlanmasına başladıqlarını bildirib. Bir sözlə, qısa müddətli lokal xarakterli toqquşma Azərbaycanın idman termini ilə desək böyük oyunlar qabağı baş məşq pılanı kimi qəbul oluna bilər”.

Ü. Cəfərov qeyd edib ki, 4 günlük müharibə Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumların yetkililəri üçün bir sınaq oldu.

Ü. Cəfərov onuda bildirib ki, Azərbaycan Prezident yanında Təhlükəsizlik Şurasının içlasında belə bir fikir səslənib ki, Azərbaycanın müdafiə sahəsi üçün nə qədər vəsait lazımdırsa ayrılacaq: “Xaricdən alınan silahlar kifayət qədərdir və bu proses davam etdirilir. Bu silahlarla Azərbaycan Ordusunun bir neçə həftə müharibə aparmaq imkanları var. Heç çəkinməkdə lazım deyil ki, bu gün Azərbaycan İsrail, Pakistan, Rusiya və digər ölkələrdən bizdə olan texnikalar üçün ehtiyyat hissələri, o cümlədən silah-sursatın alınmasını həyata keçirir. Bu istiqamətdə Azərbaycanın heç bir sıxıntısı və problemi yoxdu. Öz ordumuzu təmin etmək üçün kifayət qədər maliyyə imkanlarımız var”.

yasar aydemirov

Yaşar Aydəmirov / ehtiyatda olan general-leytenant

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov isə “AzeriDefence”yə bildirib ki, 4 günlük müharibədə Azərbaycan özü istehsal etdiyi müasir silahlardan, top sistemlərindən, pulemyot və minaatanlardan istifadə edib: “Heç bir nöqsan da olmayıb. Eyni zamanda PUA-nın müxtəlif növləri də öz effektini göstərdi. Hədəflərin aşkarlanaraq çəkilib mərkəzə ötürülməsi, dəqiq artilleriya atəşi ilə məhv edilməsi müşayiət olunub”.

Y.Aydəmirovun sözlərinə görə, tankların, eləcə dəə döyüş texnikaların hazırlanması, təmiri üçün zavod və səyyar sexlər lazımdır.

“Azərbaycanda son vaxtlarda hərbi sənaye və texnoloji sahədə görülən işlər çoxdu. Texniki təminat məsələlərinin çox hissəsini Azərbaycan yerli hərbi sənaye vasitəsiylə həyata keçirir. Buna misal olaraq Azərbaycanda artilleriya sistemləri üçün mərmi və raketlərin istehsal olunmasını qeyd etmək olar. Bundan başqa, zərbə PUA-nın yeni nəsilinin hazırlanmasına başlanılıb. Onuda qeyd etməliyəm ki, mərmi, raket və zirehli texnikaların, reaktiv yaylım sistemlərinin moderinləşdirilməsi və istehsalında müəyyən rolu Azərbaycan öz üzərinə götürməlidir”.

xetai baxisov

Xətai Baxışov / ehtiyatda olan polkovnik

Ehtiyatda olan polkovnik Xətai Baxışov isə bildirib ki, 4 günlük müharibə Azərbaycan Ordusunda zirehli gödəkçələrin çatışmazlığını göstərdi: “Müdafiə Sənayesi Nazirliyi ilk növbədə ordumuzun ön cəbhədə olan bütün zabit və əsgərlərini zirehli gödəkcə və dəbilqə ilə tam təmin etməlidir. Əsgərlərin və zabitlərin qorunması üçün bu çox önəmli məsələdir. Bu gün MSN ordumuzu döyüş sursatları ilə təchiz edir. Deyə bilərəm ki, digər məsələləri MSN plana uyğun olaraq həyata keçirir”.

X. Baxışov bildirib ki, aprelin əvvəlində Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dinc əhalisini mütəmadi atəşə tutub. Bu zaman kəndlərdə sığınacaqların olmaması problemi üzə çıxdı: “Az bir qisim olan sığınacaqların da vəziyyəti qənaətbəxş deyil. Fövqaladə Hallar Nazirliyinin üzərinə böyük işlər düşür. Mərmilərdən əhalinin qorunması üçün sığınacaqlar tikilməsi lazımdır. MSN bu məsələdə digər ölkələrdə olduğu kimi xüsusi materiallardan müxtəlif ölçülü sığınacaq komponentləri və konteynerlərini hazırlaya bilər”.