08/06/2016 13:28

Dördgünlük müharibə – Azərbaycan Ordusu sözdən əmələ keçdi

Aprel ayının 2-dən 5-dək cəbhə xəttində baş verən döyüş əməliyyatları və Azərbaycan Ordusunun qazandığı uğurlar 22 illik atəşkəs dövrü də daxil olmaqla ən mühüm hadisələrindən biri kimi hərb tariximizə yazıldı. Son illərdə cəbhə xəttində atəşkəs pozuntularını aktivləşdirən, təxribatlar törətməklə mənəvi-psixoloji üstünlüyü ələ almağa çalışan Ermənistan Silahlı Qüvvələrinə qarşı həyata keçirilmiş bu preventiv tədbir həm cəbhə xəttinin konfiqurasiyasını, həm hərbi-siyasi vəziyyəti, həm də psixoloji üstünlüyü Azərbaycanın xeyrinə dəyişdirmiş oldu.

Əməliyyatların təhlili göstərir ki,  Azərbaycan Ordusunun bölmələri qısa müddətdə qarşılarına qoyulmuş bütün döyüş vəzifələrini şərəflə yerinə yetirərək, mühüm yüksəklikləri düşməndən azad etməyi bacardılar. Döyüşlər Azərbaycan Ordusunun hərbi-texniki, döyüş, taktiki və peşə  hazırlığı və qarşılıqlı döyüş əlaqələndirilməsi üzrə düşmən üzərində tam üstünlüyünü əyani göstərdi. Nəticə etibarı ilə Ermənistanın özü barədə bir neçə – 20 il idi bəslənən “məğlubedilməzlik kompleksi” və “Ohanyan xətti” mifi darmadağın edildi.

Döyüş əməliyyatları düşmənin üzərində qısa müddətdə hərbi və ösixoloji üstünlüyü qazandırmaqla yanaşı Azərbaycan daxilində milli həmrəyliyi, Qarabağ münaqişəsi məsələsində xalqın iqtidarla birliyini dünyaya göstərdi. Məhz bunun özü Azərbaycanı daxildən parçalamağa cəhd göstərən xarici qüvvələrə də bir mesaj oldu.

Döyüşlər öncəsi cəbhədə vəziyyət

eliyev

Prezident İlham Əliyev döyüşlərdə fərqlənmiş hərbi qulluqçuları təltif edərkən

Atəşkəs dövründə Ermənistan Silahlı Qüvvələri Araz çayından Murovdağ silsiləsinədək – işğal olunmuş Azəərbaycan əərazilərində bir birinin ardınca qurulmuş iki eşalondan və hava hücumundan müdafiədən ibarət müdafiə sistemi yaradıb. Düşmən müdafiəsinin birinci eşalonu işğal olunmuş Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarının ərazilərindən keçir. Müdafiənin ikinci eşalonu əsasən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədi ilə təşkil olunmuş “möhkəmləndirilmiş müdafiə rayonlarından” (MMR) ibarətdir. Düşmən MMR sistemini “Ohanyan xətti” adlandırır və onu keçilməz hesab edirdi. Hər iki eşalon xüsusi möhkəmləndirilmiş müdafiə istehkamlarından, minalanmış, məftillənmiş sahələrdən, tank əleyhinə dərin xəndəklərdən və digər mühəndis – istehkam vasitələrindən ibarətdir. Təmas xəttində ermənilərin mövqeləri, əsasən yüksəkliklərdə, Xocavənd rayonu ərazisində dağlıq hissə istisna olmaqla, Azərbaycan Ordusunun mövqeləri əsasən aran ərazilərdə yerləşirdi. Relyef üstünlüyündən istifadə edərək ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini mütəmadi atəşə tutması nəticəsində hər il 10-dan artıq mülki sakin yaralanır və ya şəhid olurdu. Məhz aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin preventiv zərbələri düşmənin növbəti təxribatlar hazırladığı istiqamətlərə cəbhənin cənub istiqamətində yerləşən Lələtəpə (Lələ İlahi) və şimal istiqamətində Talış kəndi ətrafındakı yüksəkliklərdə qurulmuş düşmən mövqelərinə yönəlmişdi.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışovun sözlərinə görə, Lələtəpə yüksəkliyindəki düşmən mövqeləri onun birinci müdafiə eşalonuna daxil olsa da, müdafiə olunması üçün qeyd olunan istiqamətdə relyefinə görə bundan daha əlverişli mövqeyi yoxdur və cəbhənin cənub hissəsində düşmən müdafiə sisteminin bir növ açarı hesab oluna bilər. Lələtəpə yüksəkliyində düşmən tərəfindən betonlaşdırılmış blindajlar, keçidlər, atəş nöqtələri və kaponirlər tikilib, mövqelərin qarşısında minalı-məftilli  sahələr çəkilib, müdafiə mövqelərinin dərinliyində tank və artilleriya mövqeləri, rabitə qovşağı, ehtiyat bölmə, döyüş və ərzaq təhcizatı üçün beton tikililər qurulub: “Aprelin 2-də səhərə yaxın Lələtəpə yüksəkliyi Azərbaycan Ordusunun bir bölüyə qədər qüvvəsi ilə azad olunub. Bölməmiz daha kiçik qruplara bölünərək, özünü hiss etdirmədən mina-məftilli sahələrdə keçidlər açmaqla düşmən səngərlərinə yaxınlaşıb, yaxın məsafəli döyüşdə onlarla düşməni məhv edərək mövqelərini tutub. Aprelin 2-si səhər saatlarında Lələtəpədəki mövqelərini geri qaytarmaq məqsədilə ermənilər intensiv, aramsız artilleriya atəşi dəstəyindən istifadə etməklə 15  tank və çoxsaylı canlı qüvvə ilə hücuma keçəndə belə düşünürdülər ki, hələ üzü düşmənə qarşı səngər qazmağa vaxt tapmayan və möhkəmlənməmiş bölmələrimiz sıx artilleriya atəşi altında, böyük qüvvə qarşısında tab gətirə bilməyib, mövqeləri tərk edəcəklər. Lakin döyüşçülərimiz soyuqqanlılıq nümayiş etdirərək düşmənin hücum edən hərbi texnika və canlı qüvvəsini məhv etməyi bacardılar. Yalnız bu döyüşdə düşmənin 11 tankı, bir PDM-ı, canlı qüvvə dolu iki yük maşını məhv edildi. Düşmənin qalan qüvvəsi döyüş meydanından geri qaçmaqla xilas ola bildi”.

13091635_1013973628640644_1249511632_o

Talış kəndi istiqamətində “Spike-LR” TƏİRK ilə vurulmuş erməni tankının qalığı. Foto: İnternet

Polkovnikin sözlərinə görə, Lələtəpə yüksəkliyinin azad edilməsi Horadiz şəhərini, ətraf kəndləri, dəmir yol stansiyasını və avtomobil yollarını düşmənin hətta uzaqvuran artilleriyası üçün əlçatmaz etməklə, ordumuza Arazboyu qərbə, şimal-qərbə və şimala doğru düşmənin işğalında olan geniş ərazini, o cümlədən Füzuli-Cəbrayıl magistral yolunu müşahidə və atəş nəzarəti altında saxlamağa imkan verir. Bu isə düşmənin ən azı 15 km dərinliyində gizlin cəmləşmə və irəli çıxma imkanlarından etibarlı şəkildə məhrum edir.

Talış əməliyyatı – “Ohanyan xətti” iflasa uğradı

Silahlı Qüvvələrimizin Tərtər rayonunun Talış kəndi istiqamətində əldə etdiyi uğurlar da miqyasına görə heç də digər istiqamətlərdəki uğurlardan geri qalmır. Qeyd edək ki, hələ 1993-1994-cü illərdə Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə əks həmlələri nəticə verməmişdi. Talış kəndi ətrafındakı yüksəkliklərdə mövqelər qurmuş düşmən Tapqaraqoyunlu kəndini, Borsunlu-Tərtər arasındakı ərazini və daha şimala doğru olan geniş ərazini müşahidə və atəş altında saxlayırdı.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayramov deyir ki, düşmən müdafiəsinin ikinci eşalonuna daxil olan Talış kəndi ətrafındakı mövqelər əlavə əlahiddə artilleriya və tank bölməsi ilə gücləndirilmiş tabor müdafiə dayağından ibarət olub. Taborun daxil olduğu alayın dayaq müdafiə rayonunun idarə, rabitə, təchizat və əlavə ehtiyat qüvvələrinin cəmləşmə və çıxma yeri Suqovşandır (Madagiz). Yüksəkliklərin əhəmiyyətinə uyğun şəkildə düşmən bu ərazilərdə illər boyu möhkəmlənib, atəş sistemi, ehtiyat qüvvələrin döyüş mövqelərinə çıxışı və digər təchizat marşrutları qurub.

sursat1

Ermənilərdən qənimət götürülmüş silahlar. Foto: Azərbaycan MN

Ekspertin sözlərinə görə, Talış kəndi istiqamətində həmlələr prinsipcə Lələ-İlahi yüksəkliyində keçirilən əməliyyata oxşar şəkildə həyata keçirilib. Əvvəlcə ön dəstələr düşmənə gizlin yaxınlaşaraq onu yaxın məsafəli qısa döyüşdə məhv edib. Daha sonra əməliyyat inkişaf etdirilərək, Talış kəndi ətrafındakı yüksəkliklər işğaldan azad olunub. Burada da bir neçə düşmən bölüyü tam tərkibdə məhv edilib, düşmənin canlı qüvvə itkisi təkcə bu istiqamətdə 2 aprel döyüşlərində 70 nəfərdən çox olub.

“Talış kəndi ətrafında yüksəkliklərin azad olunması bundan əvvəl düşmənə nisbətən daha aşağı mövqelərdə yerləşən müdafiə xəttinin relyefə görə düşmənlə eyni səviyyədə, bəzi yerlərdə daha yüksəklikdə qurmaqla bərabər, düşmənin Ağdərənin şimalında illərlə yaratdığı müdafiə sistemini dağıtdı və cəbhə xəttini ciddi şəkildə xeyrimizə dəyişdi. Talış kəndindən

cənubda geniş ərazilər ordumuzun birbaşa nəzarətinə keçdi. Tapqaraqoyunlu kəndi düşmənin atəşindən mühafizə olundu. Eyni zamanda ordumuzun bu istiqamətdə irimiqyaslı hücumları üçün əlverişli əməliyyat plasdarmı əldə edildi”, – deyə hərbi ekspert vurğulayıb.

Yeni silahların və peşəkarların sınağı

 Azərbaycanın son onillikdə xarici ölkələrdən satın aldığı bir sıra yeni silah sistemləri də aprel döyüşlərində ilk dəfə tətbiq edildi. Məhz bu döyüşlərdən sonra Azərbaycan Ordusunun düşmən üzərində hərtərəfli hərbi-texniki üstünlüyü artıq potensial kimi deyil, gerçək üstünlük kimi qəbul olunur. Ekspertlər hesab edilrlər ki, dördgünlük müharibədə düşmən əsasən üçüncü nəsil silahlarla döyüşdüyü halda Azərbaycan Ordusu beşinci nəsil döyüş idarəetmə sistemlərini, silah və vasitələri tətbiq edib. Aprelin 2-də Lələtəpədə itirilmiş mövqeləri geri almaq üçün həmlə edən Ermənistan Ordusu döyüş sıralarındakı 15 tankdan 11-ni, bir PDM, iki əsgər dolu yük maşınını itirib. Hərbçilərin sözlərinə görə, döyüşlərdə Azərbaycanın İsraildən aldığı “Spike-LR” tank əleyhinə idarə olunan raket kompleksi yüksək effektivliyini göstərib. Atılmış raket 9 ədəd raket düşmənin 9 tankını məhv etməyə imkan verib. Eyni nəticə Tərtər rayonunun Seysulan kəndi istiqamətində də əldə olunub və düşmənin 9 tankı Azərbaycan Ordusunun zabiti tərəfindən “Spike” raketi ilə məhv edilib.

harop

“Harop” atışı – Foto: İAİ

Bu kompleksləri istifadə edən hərbçilərin peşəkarlığına diqqət çəkən N. Bayramovun qeyd edib ki, atılmış raketlərin hər biri tankların baş hissə ilə yeriyən hissə arasına yönləndirilib və raket tankı bu zəif yerindən dəlib, tankın daxili sursat komplektini partladaraq, vurulmuş tankları ekipajları ilə birlikdə məhv edib.

Ordumuz tərəfindən bu döyüşlərdə Azərbaycan, CAR və Ukrayna birgə modernizasiyası olan Mi-24G helikopterləri, yeni alınmış Mi-35M helikopterləri, habelə “Qrad LAR”, “Lynx QRAD”, T-122 “Sakarya” reaktiv yaylım atəş sistemləri, TOS-1A ağır odaatanları, BMP-3 piyada döyüş maşınları da ilk dəfə tətbiq olunub. Ən maraqlı yenilik müharibələrdə ilk dəfə Azərbaycan Ordusu tərəfindən tətbiq olunmuş İsrael Airspace Industries (IAI) istehsalı olan, dünyada ən uzaq mənzilli “gəzən sursat” “Harop” olub. “Harop”la həyata keçirilmiş bütün atışlarda verilən hədəflər dəqiqliklə məhv edilib. Ermənilərin hazırladıqları videolardan göründüyü qədər zərbələr endirilmiş yerlərin sonrakı mənzərəsi onlarda dərin ruh düşkünlüyü yaradıb.

telim6

Azərbaycan Ordusuna məxsus modernizə edilmiş T-72SİM1″Aslan” tankı atış zamanı. Foto: MN

Raket-Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov deyir ki, döyüşlərdə düşmən tərəfindən atılan mərminin hərəkət trayektoriyası və digər parametrləri əsasında onun atəş nöqtəsinin yerini təyin edən geniş istifadə edilib. Düşmənin artilleriya batareyalarının mövqeləri aşkarlanaraq maksimum 3 dəqiqədən az bir müddətə susdurulub. “Döyüş əməliyyatlarının birinci iki günü ermənilərin artilleriyası demoralizə olmuşdu. Hara atdıqlarını konkret olaraq bilmirdilər. Atışdan sonra qısa müddət ərzində onların həmin batareyasını susdururduq. Ermənilər bizim artilleriya atəşin nəticəsində şəxsi heyətdə çox itkilər verdilər, onların 15-20 topunu və xeyli sayda hərbi texnikasını sıradan çıxardıq”.

Polkovnik Xətai Baxışov isə hesab edir ki, ordumuzun silahlanmasına qəbul olunmuş yeni nəsil döyüş idarəetmə sistemi, ən müasir kəşfiyyat, silah və vasitələrin, yüksək dəqiqliyə malik mərmilərin ilk dəfə döyüş tətbiqi erməni komandanlığını əsl şoka saldı və əks-tədbir görməkdə aciz olduğunu ilk növbədə düşmənin özünə və xarici müşahidəçilərə nümayiş etdirdi: “Bir sıra ən müasir silah, kəşfiyyat və digər döyüş vasitələrinin uğurlu döyüş tətbiqi Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkar hazırlığını göstərdi”.

Zabitlərimiz məsuliyyətlərini dərk edirlər

Hərbi praktikada hücumda olanın itkisinin müdafiədə dayanandan daha çox olduğunu deyən ekspert N. Bayramovun sözlərinə görə, döyüş nizamnamələri hücumda olanın müdafiədə olanla canlı qüvvə, texnika və vasitələrdə 3:1 (Sovet), 5:1 (NATO), dağ yerlərində isə müvafiq olaraq 6:1- 10:1 olmasını tələb edir. Bu tələb hücumda olanın düşmənə qarşı təmin etməli olduğu atəş sıxlığından başqa, hücumda olanın açıqda, müdafiədə olunanın isə sığınacaqlarda və adətən daha əlverişli atəş mövqelərində olması və buna görə hücumda olanın daha çox itki verməsi ilə də bağlıdır.

2-5 aprel döyüşlərində Azərbaycan Ordusunun canlı qüvvə itkisi təkcə Ermənistan Ordusunun canlı qüvvə itkilərindən daha az olub. Separatçılar öz itkilərinin sayını səsləndirmir, öz ölənlərini Ermənistandan ayrı sayırlar. Separatçıların itkilərinin Ermənistandan gələnlərdən 1.5-2 dəfə çox oolduğu bəllidir. Aprel döyüşlərində iki tərəfin zabit heyətindəki itkilərini müqayisə edən ekspert qeyd edib ki, erməni tərəfi daha çox zabit və bizdən fərqli olaraq generallar itirib: “Ancaq hər iki tərəfin öz ümumi itki sayına nisbətən zabitlər arasında itki faizi adətindən daha çox olub. Lakin burada təkcə say deyil, zabitlərin həlak olması şəraiti mühüm göstəricidir. Əgər ölən və yaralanan erməni generalları və zabitlərinin çoxusu qərargahlarında və komanda məntəqələrində bizim yüksək dəqiqli atəş vasitələrimizlə vurulubsa, Azərbaycanın heç bir qərargahı yaxud komanda məntəqəsi vurulmayıb. Bizim zabitlər əsgərlərini hücuma apararkən, yaxın məsafəli döyüşdə həlak olublar. Niyə zabitlərimiz hücumda irəlidə gedirdilər? Çünki onlar döyüşlərin məsuliyyətini yaxşı dərk edərək aylarla, illərlə təlim keçdikləri və tərbiyə etdikləri əsgərləri ilə ilk döyüşə bir yerdə getmişdilər”.

Rəşad Süleymanov

Yazı “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda  keçirilən müsabiqəyə təqdim olunur