27/04/2017 16:41

Dövlət Komissiyası naməlum əsgər məzarlıqlarının aşkarlanması ilə bağlı bəyanat verib

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı, intensiv hərbi əməliyyatların getdiyi dövrdə həlak olaraq tanınmadan dəfn edilmiş şəxslərə aid məzar yerləri məsələsi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyət sahəsinin tərkib hissəsidir.

“AzeriDefence”in xəbərinə görə, bu barədə, son günlərdə kütləvi informasiya vasitələrində naməlum məzar yerləri ilə bağlı yayılmış müxtəlif məlumatlarla aydınlıq gətirən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bəyanatında bildirilib.

Bəyanatda qeyd olunub ki, Dövlət Komissiyasının sədri Mədət Quliyevin tapşırığına əsasən, son illərdə respublika ərazisində aparılmış monitorinqlər zamanı əsasən intensiv hərbi əməliyyatların getdiyi ərazilərə yaxın rayonlarda və digər yerlərdə 179 naməlum şəhid məzarı müəyyən edilərək qeydiyyata alınıb.

Məzar yerləri video lentə alınmış və foto çəkilişi aparılıb. Naməlum şəhidlərin dəfnində iştirak etmiş şəxslərin iştirakı ilə ərazilərə baxış keçirilib, onların ifadələri sənədləşdirilib, video ifadələri alınaraq arxivləşdirilib.

Məlumatda bildirilir ki, M. Quliyevin Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə müraciətinə əsasən, Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yer quruluşu Layihə Tədqiqat Mərkəzi tərəfindən naməlum məzarların GPS koordinatları çıxarılaraq İşçi qrupuna təqdim edilib.

Həmçinin, Komissiya sədrinin müraciətinə uyğun olaraq aidiyyəti rayon icra hakimiyyəti orqanları və müvafiq qurumlar tərəfindən naməlum məzar yerlərinin aşkarlandığı ərazilərdə abadlıq işləri aparılır. Məlumatda o da qeyd olunub ki, BQXK ilə imzalanmış çərçivə sazişinə əsasən, hazırda itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji (DNT) nümunələrin toplanması işi davam etdirilir.

Bu işə BQXK-nın mütəxəssisləri ilə birlikdə 2014-cü ildən etibarən başlanılıb.

Toplanmış nümunələr Komissiya tərəfindən yaradılmış xüsusi yerdə saxlanılır. Nümunələrdən gələcəkdə aparılması nəzərdə tutulan ekshumasiya prosesində meyit qalıqlarının eyniləşdirilməsi məqsədilə istifadə ediləcəkdir.