22/11/2018 15:42

Dövlət sərhədini pozan İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfində 4 İran vətəndaşının saxta sənədlərlə Azərərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Noyabrın 21-də “Tehran-Bakı” aviareysi ilə Azərbaycana gələn İran vətəndaşları 1969-cu il təvəllüdlü Abdikord Əli Qulamrıza, 1978-ci il təvəllüdlü Ebrahimniaomrani Arzu Qulaməli, 2015-ci il təvəllüdlü Abdikord Afşin Əli oğlu və  2001-ci il təvəllüdlü Abdikord Afaq Əlinin sərhəd nəzarətinə təqdim etdikləri İtaliya pasportları şübhə doğurub, dərinləşdirilmiş laborator müayinə nəticəsində saxta olmaları müəyyən edilib.

Araşdırma zamanı saxlanılmış şəxslərin üzərində onlara məxsus İran pasportları aşkar olunub, həmin pasportlara əsasən onların 17.11.2018-ci il tarixdə “Tehran-İstanbul” aviareysi ilə uçmaları və bir gündən sonra geri qayıtmaları müəyyən olunub. Saxta İtaliya pasportlarını da Türkiyədən almaları ehtimal edilir.

Müvafiq araşdırmalardan sonra saxlanılmış şəxslər gəldikləri istiqamətdə ölkə ərazisindən deportasiya olunublar.