31/05/2018 18:30

Dövlət sərhədini pozan Türkiyə vətəndaşı saxlanılıb

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

“AzeriDefence”nin Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, hadisə DSX-nin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.

Mayın 30-da Cəlilabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olunub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandasına qaldırılmış, hadisə yerində nəzarət iz zolağında İrandan Azərbaycan istiqamətində 1 nəfər şəxsin ayaq izləri aşkar olunub.

Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozucusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.

Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.