16/12/2014 06:00

Dövlət Sərhəd Xidməti Xəzər dənizində təlim keçirib

Dövlət Sərhəd Xidmətinin (DSX) qüvvə və vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respub-likasına mənsub bölməsində neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda sərhəd axtarışının təşkili, terror-təxribat qüvvələrinin aşkarlanması, raket-artilleriya qurğularından gecə və gündüz döyüş atışı ilə zərərsizləşdirilməsi və baxış əməliyyatlarının aparılması ilə bağlı taktiki təlimlər keçirib.

DSX-nın Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Xəzər dənizində mümkün təhdidlərə qarşı hərbi hissə və bölmələrin birgə xidməti-döyüş və əməliyyat-taktiki hərəkət elementlərinin təkmilləşdirilməsi məqsədilə on taktiki epizod üzrə dörd mərhələdə keçirilən təlimlərdə neft-qazçıxarma rayonlarının, platformaların, ixrac boru kəmərlərinin mühafizəsi və müdafiəsinin gündəlik şəraitdən fövqəladə şəraitə keçirilməsi və birgə sərhəd axtarışının aparılması, sorğuya cavab verməyərək neft platforması istiqamətində hərəkətini davam etdirən gəminin dayandırılması, çevik-hərəkət qrupunun helikopter vasitəsi ilə gəmiyə çıxarılması kimi təlim tapşırıqları uğurla icra olunub.
Eyni zamanda şərti düşmənin terror-təxribat qrupunun zərərsizləşdirilməsi, dayandırılmış gəmiyə xüsusi axtarış vasitələri ilə baxış keçirilməsi və kütləvi qırğın silahlarının komponentlərinin, həmçinin narkotik vasitələrin aşkar edilməsi, sərhəd gözətçi gəmiləri tərəfindən şərti düşmənin terror-təxribat qrupunun qaranlıqda aşkarlanması və məhv edilməsi, şərti düşmənin sualtı təxribat qruplarının aşkarlanaraq zərərsizləşdirilməsi, helikopterlərin və sərhəd gözətçi gəmilərinin zenit-artilleriya qurğuları və raket komplekslərindən günün işıqlı və qaranlıq vaxtla¬rında döyüş atışlarının keçirilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

Bildirək ki, iyulun 18-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin bazasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin açılışını etdiyi “Gəmi inşası zavodu”nda inşa olunmuş itisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıqları ilə, müasir silahlarla təchiz edilmiş iki yeni sərhəd gözətçi gəmisi təlimlərdə uğurla sınaqdan keçirilib və Azərbaycanın hərbi dəniz tarixində ilk dəfə zenit-artilleriya qurğuları və raket komplekslərindən gecə atışları müvəffəqiyyətlə yerinə yetirilib.

Təlimlərdə qarşıya qoyulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm intizam, yüksək döyüş hazırlığı nümayiş etdirib.

Təlimlərin uğurlu yekunu münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı cənab general-polkovnik Elçin Quliyev təlimə cəlb olunmuş şəxsi heyəti təbrik edib.

General-polkovnik Elçin Quliyev Xəzər dənizində dövlət sərhəd-lərinin etibarlı mühafizəsinin və neft-qaz hasilatı-daşınması infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin Dövlət Sərhəd Xidmətinin əsas vəzifələri olmasını xüsusi vurğulayıb, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının daha da artırıması istiqamətində hərbi hissə və bölmələr qarşısında konkret tapşırıqlar müəyyən edib.

Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluqçular təltif edilib.